Polşanın keçmiş prezidenti, Nobel mükafatı laureatı Lex Valensa Rusiya prezidenti Putini mühakimə etməyə çağırır. Modern.az saytı xəbər verir ki, bu barədə o, “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib. O, bəyan edib ki, Krımdakı əməllərinə görə Putini mütləq Haaqa tribunalında və ya digər beynəlxalq məhkəmədə mühakimə etmək lazımdır.
Krımın Rusiyaya ilhaq edilməsi ilə razılaşıb-razılaşmadığı haqqında suala cavab olaraq, “Mən gözləyirəm ki, nə vaxt dünya Putinə kişi kimi cavab verəcək. İndi hər kəs hansısa kombinasiyalardan istifadə edir”,- deyə Valensa qeyd edib.
Onun sözlərinə görə, dünya Ukraynanın parçalanmasını qəbul etməməlidir və bunun yerinə birləşməlidir ki, bu da Putini 21-ci əsrə layiq davranış seçməyə məcbur edəcək.
“Normaları pozmaq və dünya xalqları üçün təhlükə yaratmaq olmaz. Nəisə edilməlidir ki, hər kəs bilsin ki, bu cür hərəkətə görə mühakimə olunacaq.Bunun üçün dünya komissiyası yaratmaq və Rusiyaya qarşı proses başlatmaq lazımdır”,-deyə eks prezident əminliklə bildirib.