Təhsil sektorunda 8 saatlıq iş rejiminin tətbiqi ilə bağlı müzakirələr getdikcə genişlənir və sözügedən dəyişiklik daha çox müəllimlərin iş yükü kontekstində izah olunur. Lakin yeni rejimin şagirdlərə mümkün təsiri də cəmiyyətin diqqət mərkəzində olan məsələlər sırasındadır. Xüsusilə dərs saatlarında dəyişikliklərin olub-olmayacağı, müəllim-şagird ünsiyyətinin necə formalaşacağı kimi suallar valideynləri düşündürür. Əsas narahatlıq isə bu yeniliyin tədrisin keyfiyyətinə, xüsusilə şagirdlərin qiymətləndirilməsi, biliklərin mənimsənilməsi və əlavə məşğələlərin təşkili kimi proseslərə təsiridir.
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, hazırda 8 saatlıq iş rejimi əsasən müəllimin iş yükü kontekstində müzakirə olunsa da, bu qərarın ən mühüm tərəflərindən biri bilavasitə şagirdə təsirləridir.
“Təhsil sistemində hər dəyişiklik nəticə etibarilə şagirdin inkişafı, öyrənmə mühiti və fənlərin mənimsəmə səviyyəsinə yönəlməlidir. Əks halda, yalnız iş saatının artırılması təhsil keyfiyyətini yüksəltmir, sadəcə vaxtı uzadır.
Əvvəla, bu rejimin şagirdlərin dərs yükünə və tədris saatlarına təsiri barədə danışsaq, burada gözəçarpan fundamental dəyişiklik ehtimalı hələ görünmür. Yəni dərs saatlarının artırılması, fənlərin sayının dəyişməsi və ya şagirdin məktəbdə daha uzun qalması kimi konkret bir hədəf yoxdur. Bu addım daha çox müəllimin iş yerində keçirəcəyi ümumi vaxtın normativləşdirilməsi kimi görünür. Lakin mənim fikrimcə, yalnız vaxtın artırılması avtomatik şəkildə nəticə vermir – o vaxt necə bölünəcək, hansı işlərə sərf olunacaq, hansı hədəfə xidmət edəcək, bunlar strateji şəkildə müəyyənləşməlidir”.
Təhsil eksperti vurğulayıb ki, ikinci mühüm məqam müəllim-şagird ünsiyyəti və əlavə məşğələlər məsələsidir:
“Nəzəri izah budur ki, müəllim dərs bitdikdən sonra məktəbdə qalacaq, şagirdlərlə fərdi şəkildə çalışacaq, geridə qalanlara dəstək göstərəcək. Mən isə burada açıq şəkildə bir sual verirəm - mən bunu televiziyada da demişdim - dərs bitəndə hansı şagird müəllim yanında qalır? Zəng səsi çalan kimi hamı çantasını götürüb evə tələsir. Bunu real mühitdə görürük. Bu halda əlavə məşğələnin effektiv həyata keçməsi üçün sistemli stimullaşdırma lazımdır: şagirdin motivasiyası, valideynin münasibəti və ən əsası dərs prosesinin özündə lazımi boşluqların qalmaması.
Əgər yeni rejim müəllimə şagirdlə fərdi işləmək, konsultasiya aparmaq, əlavə izah vermək üçün real və planlı şərait yaratsa - bu, təbii ki, müsbət nəticə verə bilər. Amma əgər müəllim yalnız masa arxasında daha uzun oturacaqsa, iş keyfiyyəti deyil, sadəcə iş saatı artacaq. Təhsilin inkişafında isə əsas olan zamanın uzunluğu deyil, həmin zamanın tədrisə çevrilən məhsuldarlığıdır”.
Ə.Həsənli onu da əlavə edib ki, bu dəyişikliyin ümumi təhsil keyfiyyətinə təsirinin həm potensial müsbət, eləcə də riskli tərəflər var:
“Müsbət tərəfi odur ki, fərdi yanaşma güclənsə, qiymətləndirmə daha çevik və obyektiv olsa, ev tapşırıqlarının izahı dərsdə tam yerinə yetirilsə, şagirdin öyrənmə səviyyəsi artır. Amma riskli tərəfi də var: müəllim yorulacaqsa, əlavə saatlar formal öhdəliyə çevriləcəksə, bu, təkcə keyfiyyəti artırmaz, hətta müəllim motivasiyasını aşağı sala bilər.
8 saatlıq iş rejimi yalnız o zaman səmərə verəcək ki, müəllim məktəbdə keçirdiyi vaxtı real tədrisə, fərdi dəstəyə, inkişaf yönümlü fəaliyyətə çevirə bilsin. Əks halda, kağız üzərində gözəl görünən mexanizm real mühitdə istənilən təsiri göstərməyə bilər. Təhsildə əsas olan saatın çoxluğu deyil, o saatın faydalı yüküdür".