May ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ayda ərzaq məhsullarından düyünün, buğda ununun, manna yarmasının, makaronların, qoyun və toyuq ətinin, pasterizə olunmamış üzlü südün, xamanın, əridilmiş və brınza pendirlərinin, yumurtanın, təzə və dondurulmuş balığın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, çuğundurun, kökün, sarımsağın, soğanın qiymətləri ucuzlaşıb. Kolbasa məmulatlarının, mal ətinin, sterizə olunmuş üzlü südün, kərə yağının, süfrə marqarininin, şəkərin və şəkər tozunun, limonun, almanın, armudun, portağalın, naringinin, fındığın, şabalıdın qiymətləri isə bahalaşıb.
May ayında bitkiçilik, bostan və bağçılıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə 3 faiz ucuzlaşıb. Bitkiçilik, bostan və bağçılıq məhsullarından sitrus meyvələrinin istehsalçı qiymətləri 4,1 faiz, kartofun 1,1 faiz, kökümeyvəli və köküyumruluların 1 faiz, turuncu meyvələrin 0,7 faiz, tərəvəz məhsullarının 0,2 faiz bahalaşmış, zeytun və qoz-fındığın istehsalçı qiymətləri 0,9 faiz, dənli bitkilərin 1,2 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri isə 1,7 faiz aşağı düşüb. Diri mal-qara və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,9 faiz, mal-qara yunu və tükünün 0,3 faiz, diri qoyunların qiymətləri 0,1 faiz bahalaşıb, diri quşların 0,8 faiz, diri iribuynuzlu qaramalın 1,1 faiz, quş ətinin (diri çəkidə) 2,2 faiz, yumurtanın 4,6 faiz, mal ətinin (diri çəkidə) qiymətləri isə 14,1 faiz ucuzlaşıb.
Havaların istiləşməsi ilə əlaqədar olaraq ay ərzində kişi və qadınlar üçün qış geyimlərinin qiymətləri ucuzlaşıb, yay geyimlərinin qiymətləri isə bahalaşıb. Modern.az