Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib.
Modern.az xəbər verir ki, Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb, nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.
Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə Qətnamə qəbul edilib.
Məhkəmənin Qətnaməsinə əsasən Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.
Qeyd edək ki, Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.(Mənbə APA)