Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası baş tutub. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib.
Belə ki, Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb.
Modern.az digər hansı universitetlərin əməkhaqqı artımı planlaşdırdığını müəyyənləşdirmək üçün bir neçə universitet arasında sorğu keçirib.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, universitet üzrə sonuncu dəfə ümumi artım 2024-cü ildə həyata keçirilib və bu artım bütün akademik və inzibati heyət üzrə ortalama 10 faiz təşkil edib.
“ADPU-da akademik heyət üzrə əmək haqqı professorlar üçün 1350 AZN, dosentlər üçün 1200 AZN, baş müəllimlər üçün 1050 AZN, müəllimlər üçün isə 960 AZN təşkil edir.
Əsas əmək haqqına əlavə olaraq elmi dərəcə və iş stajı, eləcə də reytinq qiymətləndirməsinin nəticələrinə əsasən əmək haqqına əlavələr də verilir.
Təbii ki, müəyyən müddətdən bir əmək haqqında artımlar edilir və gələcəkdə bu addımlar atıldıqca kollektivə və ictimaiyyətə məlumat veriləcək”.
Azərbaycan Texniki Universitetindən verilən məlumata görə, ən son 2025-ci ilin əvvəlində akademik heyətin əməkhaqqısında artım edilib.
“AzTU hər zaman müəllimlərin rifahını diqqət mərkəzində saxlayır. Hər il akademik heyətin maaşlarında artım olur. Sonuncu dəfə 2025-ci ilin əvvəli akademik heyətin əməkhaqqı artırılıb.
Yaxın günlərdə belə bir qərar olduqda ictimaiyyətlə bu xəbəri bölüşəcəyik”.
Azərbaycan Dillər Universitetindən isə sorğumuza cavab olaraq bildirilib ki, hazırda pedaqoji heyətin əməkhaqqı artımı ətrafında müzakirələr aparılır.
“Hər bir universitetin tələbə sayına uyğun maliyyə potensialı var. Bu amilə müvafiq olaraq, növbəti ildə əməkhaqqı artımı məsələsinə baxılacaq. Hazırda bu məsələ müzakirə olunur”,- ADU-nun məlumatında deyilir.