“Mən inanıram ki, bizim son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şəkildə artıb. Bu həm diaqnostika, həm sertifikatlaşdırma prosesində, həm də ən vacibi işə qəbul olan müəllimlərimizin keyfiyyətində görünür. Yəni bizim yüzlərlə dil və ədəbiyyat, riyaziyyat, tarix, biologiya müəllimimiz var ki, onlar qəbul imtahanlarında 500-dən çox bal toplayıblarlar. Bu da onu göstərir ki, bizim gələcək müəllimlərimizin diplomları saxta deyil, bu, çox vacibdir. Çünki əvvəllər biz saxta diplomlu, müəllim sözünü düzgün yaza bilməyən müəllimlərdən danışırdıq. Onlarla da artıq sağollaşmışıq”.
Modern.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verilişində səsləndirib.
O bildirib ki, indi daha rəqabətli bir iş yerindən danışılır:
“Məsələn, hazırda Bakı şəhərində bir müəllim yeri üçün bir neçə yüz nəfər namizəd yarışır və yalnız biri seçilirsə, bu, artıq yaxşı xəbərdir. Bəli, bu, çətindir, çünki yüz nəfərdən biri seçilir, 99 nəfər seçilmir. Təbii ki, uğur qazanmayanda proses bəyənilmir. Amma sistem və dövlət üçün bu, çox gözəl nəticədir. Rəqabət olan yerdə inkişaf da olur. Yeni nəsil müəllimlərimizin səviyyəsi sertifikatlaşdırma nəticələrində də görünür. Son 5 ildə işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma imtahanındakı orta nəticəsi 25 il və daha çox pedaqoji stajı olan müəllimlərin orta nəticəsindən yüksək olub. Bu da nəticəni aydın şəkildə göstərir”.