Modern.az

Vakansiyalarda bakalavrın “natamam ali təhsil” kimi təqdimatı yolverilməzdir - DEPUTAT

Vakansiyalarda bakalavrın “natamam ali təhsil” kimi təqdimatı yolverilməzdir - DEPUTAT

Təhsil

19 Dekabr 2025, 14:18

Azərbaycanda ali təhsilin hüquqi pillələri ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Sosial şəbəkələrdə və ekspert çevrələrində aparılan müzakirələrin mərkəzində isə bakalavr dərəcəsinin “tam ali təhsil” kimi qəbul olunub-olunmaması məsələsi dayanır.

Müzakirələrdə bir qrupun mövqeyinə görə, yalnız magistratura pilləsini başa vuran şəxslər “tam ali təhsilli” hesab edilə bilər. Onlar arqument kimi bəzi dövlət və özəl qurumlarda, vakansiya elanlarında, habelə işə qəbul zamanı magistr diplomuna üstünlük verilməsini göstərir və bunu bakalavr təhsilinin yetərli sayılmamasının göstəricisi kimi dəyərləndirirlər.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanda ali təhsilin pillələri ilə bağlı müzakirələr son dövrlərdə sosial şəbəkələrdə və ekspert dairələrində daha intensiv xarakter alıb.

“Bu müzakirələrin əsasını bakalavr dərəcəsinin hüquqi statusu, xüsusilə onun “tam ali təhsil” hesab edilib-edilməməsi məsələsi təşkil edir. Mövzunun aktuallığı ondan irəli gəlir ki, Azərbaycan Respublikasının qanunvericiliyi bakalavr səviyyəsini ali təhsilin müstəqil və başa çatmış mərhələsi kimi tanıdığı halda, bəzi dövlət qurumlarının vakansiya elanlarında və işə qəbul praktikasında bu dərəcəyə faktiki olaraq natamam ali təhsil kimi yanaşıldığı müşahidə olunur. Bu isə normativ hüquqi tələblərlə inzibati praktika arasında ciddi ziddiyyət yaradır.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, ali təhsil bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Qanunda ali təhsilin ilk pilləsi kimi göstərilən bakalavr dərəcəsi ali təhsilin tamamlanmasını ifadə edir və bu dərəcəni əldə etmiş şəxs tam ali təhsilli hesab olunur. Hüquqi baxımdan “natamam ali təhsil” anlayışı yalnız ali təhsil müəssisəsinə qəbul olunmuş, lakin bakalavr proqramını başa çatdırmamış şəxslərə aid edilə bilər. Buna görə də bakalavr diplomu olan şəxsin natamam ali təhsilli kimi təqdim edilməsi qanunun mahiyyətinə və məqsədinə ziddir və heç bir hüquqi əsas daşımır”.

Deputat həmçinin vurğulayıb ki, bəzi dövlət qurumlarının vakansiya elanlarında “tam ali təhsil” ifadəsinin faktiki olaraq magistr dərəcəsi ilə eyniləşdirilməsi bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır:

“İlk növbədə, bu yanaşma sovet dövründən qalmış institusional düşüncə tərzinin nəticəsidir. Uzun müddət ərzində ali təhsil anlayışı yalnız beşillik mütəxəssis hazırlığı ilə eyniləşdirilib və bu stereotip hələ də bəzi kadr strukturlarında qalmaqdadır. Digər tərəfdən, vakansiya tələblərini hazırlayan şəxslərin normativ hüquqi aktlara kifayət qədər bələd olmaması və ya hüquqi terminologiyadan düzgün istifadə etməməsi də bu uyğunsuzluğa yol açır. Ayrı-ayrı hallarda isə qurumlar yalnız magistr təhsilli namizədləri cəlb etmək məqsədilə bunu açıq şəkildə ifadə etmək əvəzinə “tam ali təhsil” terminindən istifadə edir ki, bu da hüquqi baxımdan yanlış və manipulyativ yanaşma hesab oluna bilər”.

Elçin Mirzəbəyli onu da əlavə edib ki, belə praktika bakalavr təhsilli vətəndaşların dövlət sektorunda işə qəbul hüquqlarını faktiki olaraq məhdudlaşdırır:

“Qanunvericiliklə tam ali təhsil kimi tanınan bakalavr dərəcəsinin inzibati səviyyədə aşağı statuslu kimi qiymətləndirilməsi bərabər imkanlar prinsipinin pozulmasına gətirib çıxarır. Bu yanaşma vətəndaşların əmək hüququnun dolayısı ilə məhdudlaşdırılması ilə yanaşı, dövlət orqanlarının öz fəaliyyətində qanunçuluq prinsipinə əməl etməməsi anlamına gəlir. Nəticədə bakalavr təhsilli şəxslər bir çox dövlət vəzifələri üçün əsaslı səbəb olmadan rəqabət imkanlarından məhrum edilir, cəmiyyətdə isə bakalavr təhsilinin yetərsiz olduğu barədə yanlış ictimai rəy formalaşır”.

Deputatın sözlərinə görə, mövcud çaşğınlıqların aradan qaldırılması üçün ilk növbədə ali təhsil pillələrinin hüquqi statusu ilə bağlı vahid və məcburi izah mexanizmi formalaşdırılmalıdır:

“Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bakalavr dərəcəsinin tam ali təhsil statusuna malik olduğu rəsmi şəkildə bir daha təsdiqlənməli və bu mövqe bütün dövlət qurumları üçün hüquqi öhdəlik xarakteri daşımalıdır. Eyni zamanda, dövlət qurumlarında vakansiya elanlarının hazırlanması üçün vahid standartlar tətbiq edilməli, vəzifələr üzrə tələb olunan təhsil səviyyəsi açıq və birmənalı şəkildə göstərilməlidir. Vakansiya mətnlərində hüquqi terminologiyanın düzgün istifadəsinə nəzarət gücləndirilməli, qanunvericiliyə zidd tələblər irəli sürən qurumlar üçün məsuliyyət mexanizmləri nəzərdə tutulmalıdır”.

Yekun olaraq E.Mirzəbəyli bildirib ki, bakalavr dərəcəsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam ali təhsil hesab olunur və bu statusun inzibati praktikada şübhə altına alınması hüquqi baxımdan yolverilməzdir:

“Dövlət qurumlarının vakansiya və kadr siyasəti normativ hüquqi aktlara uyğunlaşdırılmadıqca, ali təhsilli gənclərin əmək bazarına inteqrasiyasında sistemli problemlər qalmaqda davam edəcək. Bu məsələ yalnız təhsil sisteminin deyil, eyni zamanda hüquqi dövlət prinsipinin real və ardıcıl tətbiqinin göstəricisi kimi qiymətləndirilməlidir.

Vətəndaşlar bu kimi neqativ hallarla qarşılaşdıqda məsələni dərhal ictimailəşdirməli və məhkəmələrə müraciət etməlidirlər”,- deyə deputat fikrini tamamlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır