Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Texniki Universitetinin rektoru Prof.Dr. Vilayət Vəliyevə, bu ali təhsil ocağının 75 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib.
Moddern.az-ın məlumatına görə, məktubda universitetin respublikamızın təhsil, elm və ictimai mühitində roluna xüsusi diqqət yetirilib:
“Hörmətli Vilayət müəllim,
Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan elmi-təhsil tarixində önəmli yer tutan Azərbaycan Texniki Universitetinin 75 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Texniki Universiteti ölkəmizin sənaye, mühəndislik və texnoloji inkişafında aparıcı rol oynamış, minlərlə yüksəkixtisaslı mütəxəssis yetişdirərək dövlətin intellektual və iqtisadi potensialının formalaşmasına sanballı töhfələr vermişdir. Universitetin fəaliyyəti texniki elmlərlə yanaşı, məsuliyyətli vətəndaş mövqeyinin, peşə etikası və ictimai düşüncənin formalaşdırılması baxımından da önəmlidir.
Çağdaş dönəmdə texnologiya, innovasiya və rəqəmsal transformasiya çağırışları fonunda universitetin inkişaf strategiyası, beynəlxalq əməkdaşlıq əlaqələri və elmi-tədqiqat fəaliyyəti dövlət–cəmiyyət münasibətlərinin, eləcə də ali təhsilin ictimai rolunun gücləndirilməsinə xidmət edir.
Bu əlamətdar yubiley münasibətilə Sizə, universitet kollektivinə, eləcə də, fəaliyyətdə olan məzunlarınıza elmi-pedaqoji və ictimai fəaliyyətdə, ölkəmizin inkişafına yönəlmiş təşəbbüslərdə yeni uğurlar arzulayıram!"
***
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU-nun) rektoru, Əməkdar memar Prof.Dr. Gülçöhrə Məmmədovaya, AMİU-nun 50 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Təbrik məktubunda universitetin respublikamızın təhsil, elm, mədəniyyət və ictimai mühitində rolu təqdirlə vurğulanıb:
“Hörmətli Gülçöhrə xanım,
Sizi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyətini ölkəmizin elmi, mədəni və urbanistik inkişafında mühüm rol oynayan ali təhsil ocağının 50 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Yarım əsrlik fəaliyyəti ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti memarlıq, şəhərsalma, inşaat mühəndisliyi və dizayn sahələrində yüksək ixtisaslı kadrlar hazırlayaraq, ölkəmizin çağdaş simasının formalaşmasına əvəzsiz töhfələr vermişdir. Universitetin yetirmələri Azərbaycanın şəhərsalma siyasətində, bərpa-quruculuq proseslərində və milli memarlıq üslubunun qorunub inkişaf etdirilməsində yaxından iştirak edir, habelə ictimai fəallıqları ilə seçilirlər.
Universitetin elmi-pedaqoji fəaliyyəti təkcə peşəkar kadr hazırlığı ilə məhdudlaşmır, eyni zamanda estetik düşüncə, ictimai məsuliyyət və milli-mənəvi dəyərlərə bağlılıq kimi keyfiyyətlərin formalaşdırılmasına xidmət edir. Bu baxımdan universitetin fəaliyyəti vətəndaş cəmiyyəti və dövlət maraqları ilə vəhdət təşkil edir.
Əlamətdar yubiley münasibətilə Sizə, universitet kollektivinə, eləcə də, fəaliyyətdə olan məzunlarınıza möhkəm cansağlığı, yaradıcılıq enerjisi və gələcək çalışmalarında yeni uğurlar arzulayıram. İnanıram ki, universitet bundan sonra da Azərbaycanın dayanıqlı inkişafına sanballı töhfələr verməkdə davam edəcəkdir!”