İran prezidenti Mahmud Əhmədinejat İstanbulda keçirilən beynəlxalq tədbirdə ölkəsinin nüvə proqramı və İranı gözləyən beynəlxalq sanksiyalar məsələsinə toxunub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Əhmədinejat bəyan edib ki, əgər BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni qadağaların tətbiq olunması barədə qərar qəbul etsə, rəsmi Tehran Qərblə nüvə problemi üzrə danışıqları dayandıracaq.
“Mən artıq demişəm, Birləşmiş Ştatlar administrasiyası və onun müttəfiqləri BMT qadağalarına əl ata biləcəklərini, daha sonra isə bizimlə bir masa arxasında əyləşərək danışıqlar apara biləcəklərini düşünürlərsə, ciddi səhvə yol verirlər”, bu, heç vaxt keçməyəcək”,- deyə Əhmədinejat bildirib. Onun sözlərinə görə, Tehran əgər danışıqlar şəffaf və qarşılıqlı etimada söykənərsə, istənilən ölkə ilə danışıqlar aparmağa hazırdır.
İstanbul sammitindəki çıxışında Əhmədinejat Moskvanın Tehrana qarşı münasibətini kəskin tənqid edib. O xəbərdarlıq edib ki, İranın düşmənləri arasında yer almamaq üçün Rusiya özünü ehtiyatlı aparsın.