Modern.az

Pedaqoq missiyası

Pedaqoq missiyası

Təhsil

30 Dekabr 2025, 13:36

Təhsilə həsr olunmuş fədakar müəllim ömrü

Həyatda elə insanlar olur ki, onların adı rəsmi sənədlərdə, statistikalarda bəzən ya qısaca qeyd olunur, ya da özlərinin təvazökarlıqlarından irəli gələrək fəaliyyətləri kölgədə qalır, lakin gördükləri xeyirxah işlər bir nəslin, bir bölgənin taleyində dərin izlər buraxır. Belə dəyərli insanlardan biri də torpaqlarımızın işğal altında olduğu illərdə Cəbrayıl təhsilinin yaşaması və davamlılığı naminə əlindən gələn fədakarlığı əsirgəməyən pedaqoq Rafiq Bayramovdur.

Rafiq Orduxan oğlu Bayramov 1955-ci il noyabr ayının 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. Uşaqlıq və gənclik illəri zəhmət, məsuliyyət və Vətən sevgisi ilə yoğrulan Rafiq müəllim heç bir çətinliyə baxmayaraq, həyatının bütün mərhələlərində bu dəyərlərə sadiq qalıb. O, sadə və qayğıkeş bir ailə başçısı olmaqla kifayətlənməyib, eyni zamanda cəmiyyət üçün nümunəvi bir valideyn, ziyalı və vətəndaş olub.

Həyatın çətin sınaqlarına baxmayaraq, Rafiq müəllim beş övlad böyüdüb, onların hər birinə ali təhsil verməyi özünə borc bilib. Onun valideyn kimi ən böyük uğuru övladlarının savadlı, peşəkar və cəmiyyətə faydalı insanlar kimi formalaşması olub. Bu ailədə bir nəfər ədliyyə işçisi, bir nəfər məktəb direktoru, iki nəfər müəllim, bir nəfər isə tibb işçisi yetişib. Bu faktın özü Rafiq müəllimin təhsilə, elmə və insana verdiyi dəyərin əyani nümunəsidir.

1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ağrılı və ağır dövrləri idi. Torpaqlarımız işğala məruz qalmış, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüş, xüsusilə məktəb yaşlı uşaqların təhsili ciddi təhlükə altına düşmüşdü. Məhz belə bir zamanda Rafiq müəllim öz vətəndaşlıq mövqeyini və müəllim vicdanını ortaya qoyaraq tarixi bir addım atdı. 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinin fəaliyyətini Bakı şəhərinin Xətai rayonunda öz şəxsi təşəbbüsü, böyük zəhməti və təşkilatçılığı sayəsində bərpa etdi. Bu, sadəcə bir məktəbin açılması deyildi, həm də məcburi köçkün uşaqlarının gələcəyə olan ümidlərinin qorunması, savadsızlığın qarşısının alınması və milli təhsilin yaşadılması idi. Rafiq müəllim həmin ağır dövrdə məcburi köçkün uşaqlarının təhsildən yayınmasına, onların məktəblə, müəllimlə, elm və biliklə bağlarının qopmasına imkan vermədi. O, təxminən 30 nəfərlik kollektivi olan məcburi köçkün məktəbinin fəaliyyətinin bərpa edilməsinə nail olaraq çətin günlər yaşayan bir təhsil müəssisəsinin pedaqoji heyətinin sosial durumunun yaxşılaşmasına, öz peşələrini davam etdirmələrinə şərait yaratdı. Bu, təkcə idarəçilik səriştəsi deyil, həm də dərin insanpərvərlik, vicdan və məsuliyyət örnəyi idi.

Rafiq Bayramov 1994-2016-cı illərdə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və sağlam pedaqoji kollektivin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. O, eyni zamanda bu illər ərzində Cəbrayıl–Qubadlı Seçki Dairəsində seçki məntəqəsinin sədri kimi də çalışaraq ictimai-siyasi proseslərdə fəal iştirak etdi.

Yeni Azərbaycan Partiyasının fəal üzvü olan Rafiq müəllim dövlətçiliyə, sabitliyə və milli maraqlara sadiqliyi ilə daim seçildi. Onun fəaliyyəti hər zaman dürüstlük, prinsipiallıq və vətənpərvərlik üzərində qurulmuşdu.

Təhsil sahəsində göstərdiyi çoxillik səmərəli fəaliyyətə və xidmətlərinə görə Rafiq Bayramov 2013-cü ildə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görüldü. Bu mükafat onun ömrünü həsr etdiyi sahədə əməyinə verilən yüksək qiymət idi.

Təəssüf ki, Rafiq müəllim 2016-cı ildə ürək tutması nəticəsində dünyadan köçdü. Onun vəfatı təkcə ailəsi və yaxınları üçün deyil, bütövlükdə Cəbrayıl rayonunun pedaqoji ictimaiyyəti üçün böyük itki idi.

İnsan ömrü gördüyü işlərlə ölçülür, deyirlər. Rafiq Bayramov da arxasında dərin izlər, xeyirxah əməllər və savadlı nəsillər qoyaraq öz adını əbədiləşdirdi. Bu gün Rafiq müəllimin adı böyük hörmət və ehtiramla xatırlanır, yetişdirdiyi şagirdlər və fəaliyyət göstərdiyi məktəb onun mənəvi irsini yaşadır. Rafiq Bayramov Cəbrayıl təhsilinə nəfəs verən, onu ən çətin dövrdə ayaqda saxlayan fədakar ziyalı kimi həmişə yaddaşlarda qalacaq.

Allah rəhmət eləsin!

Amid BAYRAMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ