Azərbaycanda müəllimlərin peşəkar inkişafının sistemli şəkildə dəstəklənməsi məqsədilə yeni rəqəmsal platforma – Müəllim İnkişaf Portalı istifadəyə verilib.
Modernş.az-ın məlumatına görə, metodist.edu.az ünvanında fəaliyyət göstərən portal müəllimlərin qiymətləndirilməsi, metodik dəstəyin gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən vahid rəqəmsal mühit kimi yaradılıb.
Portalda metodik xidmət çərçivəsində hazırlanmış onlarla metodik resurs, təlim materialları və rəqəmsal alətlər yer alır.
Təhsil İnstitutundan verilən məlumata görə, hazırda minlərlə müəllim və pedaqoji heyət nümayəndəsi platformadan aktiv şəkildə istifadə edir.
Müəllim İnkişaf Portalı hazırda mərhələli tətbiq olunur.
"İndiki mərhələdə portalda yalnız metodik xidmət göstərilən məktəblər üçün istifadəçi hesabları aktivdir. Bu yanaşma platformanın funksionallığının sınaqdan keçirilməsi, metodik dəstək mexanizmlərinin təkmilləşdirilməsi və tətbiqin keyfiyyətli şəkildə genişləndirilməsi məqsədi daşıyır. Növbəti mərhələlərdə portalın ölkə üzrə bütün ümumtəhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Müəllim İnkişaf Portalının əsas məqsədi müəllimlərin peşəkar inkişafını sistemli və davamlı şəkildə dəstəkləmək, metodik dəstək fəaliyyətlərini vahid platformada birləşdirmək və tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir. Portal müəllimlər üçün dərs müşahidələrinin qeydiyyatı, metodik rəy və tövsiyələrin verilməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, metodik resurslardan istifadə və peşəkar təcrübə mübadiləsi imkanları yaradır.
Portalın əsas istifadəçiləri dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər, məktəbdaxili metodistlər, aparıcı metodistlər, direktorlar, direktor müavinləri, RTİ nümayəndələri və metodik dəstək sistemində iştirak edən digər pedaqoji heyətdir. Qeydiyyat prosesi müəllimlərin metodik fəaliyyətlərinin və peşəkar inkişaf dinamikasının sistemli şəkildə izlənməsinə şərait yaradır.
Müəllim İnkişaf Portalında təqdim olunan əsas funksiyalar və metodik resurslar ödənişsizdir və metodik xidmət çərçivəsində istifadə üçün nəzərdə tutulub.
Hazırda portalda yerləşdirilən məzmunlar planlaşdırma, qiymətləndirmə, fənlərin tədrisi metodikası, pedaqoji yanaşmalar, müəllim–şagird–valideyn münasibətləri, inklüziv təhsil, peşəyönümlülük, uşaq müdafiəsi və təhlükəsizliyi, eləcə də metodist fəaliyyəti istiqamətlərini əhatə edir.
Portal veb əsaslı platforma kimi fəaliyyət göstərir və mobil telefonlar və planşetlər vasitəsilə istifadəyə tam uyğundur. Gələcək mərhələlərdə portalın funksionallığının daha da genişləndirilməsi, istifadəçi rahatlığının artırılması və mümkün mobil tətbiqin hazırlanması da nəzərdən keçirilir".