Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.
Modern.az xəbər verir ki, tədris prosesi zamanı riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə müavin çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib: “Məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.
Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.(Mənbə "Qafqazinfo")