Modern.az

Hökumət komissiyası Sabirabadda müşavirə keçirib

Hökumət komissiyası Sabirabadda müşavirə keçirib

10 İyun 2010, 12:55

Kür və Araz çaylarında baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan hökumət komissiyasının üzvlərinin iştirakı ilə bu gün Sabirabad rayonunda müşavirə keçirilib. ANS-in məlumatına görə, baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilən müşavirədə hökümət komissiyasının üzvləri- fəlakət rayonlarının icra strukturlarının rəhbərləri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Meliorasiya və Su Təsərrüfat" ASC-nin rəisi Əhməd Əhmədzadə, “Azərenerji” ASC-nin prezidenti Etibar Piriverdiyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər üzvlər iştirak edib.

Müşavirədən əvvəl jurnalistlərə açıqlama verən, Baş nazirin müavini Abid Şərişov bildirib ki, müşavirəni keçirməkdə əsas məqsəd su çəkilmiş kənd və ərazilərdə epidemioloji vəziyyəti müzakirə etmək, yarana biləcək hər hansı xəstəlik və digər halların qarşısını almaqdır.

A. Şərifovun sözlərinə görə, komissiya çərçivəsində hər bir nazirlik və qurumun daxilində də aidiyyati üzrə lokal komissiyalar yaradılıb. Bu komissiyalar mütəmadi olaraq gördükləri işlərlə bağlı dövlət qarşısında hesabat verəcəklər.
 
***
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hökumət komissiyasının Sabirabada keçirdiyi müşavirədə deyib ki, Kürün basdığı və bəndlər arasında tikilmiş evlər bərpa olunmayacaq.
«Həmin evlərin əvəzində təhlükəsiz yerdə evlər tikiləcək. Təhlükəsiz yerlərdə kəndlər və qəsəbələr salınacaq. Yəqin, bunun həyata keçirilməsi uzun müddət tələb edəcək. Gələcəkdə Kür, Araz sahilləri boyunca, bəndlər arasında tikilən binalar, evlər də təhlükəsiz yerlərə köçürüləcək».
Nazir bildirib ki, fəlakət zonasında təhlükəli olmayan kəndlərdəki çiy kərpicdən tikilən evlər də söküləcək, daha möhkəmləri tikiləcək: «Təbiət bu il bu cür şıltaqlıq etdi, gələn il başqa cür edə bilər. Heç kim təminat verə bilməz ki, sabah həmin evlər suyun altında qalmayacaq. Havaların yaxşı keçməsi ilə bağlı təcili qərarların qəbul olunması ilə bağlı fəaliyyət istiqaməti götürülüb. Hansı kəndlər üçün təhlükə yoxdur, orada çiy kərpicdən olan evlər söküləcək, daha möhkəm evlər tikiləcək. Daşdan tikilən evlərin də təhlükəsizliyi yoxlanacaq. Elə bir təhlükəsi yoxdursa, onlar təmir olunacaq və əhali evlərinə qayıdacaq».

Sabirabaddakı bugünkü müşavirədə həmçinin alt komissiyalar yaradılıb. Operativ şəkildə fəaliyyət göstərəcək alt komissiyalar bunlardır: nəqliyyat, rabitə, meliorasiya, energetika, su təsərrüfatı, fövqəladə hallar.

Alt komissiyalar əhalinin evlərinin yenidən bərpası, dəymiş zərərin ödənilməsi ilə bağlı ilk tapşırıqlarını artıq alıb.

Yaradılan alt komissiyalara qısa müddətdə - 3 gün ərzində görülən işlər barədə hökumət komissiyasına məlumat verməsi tapşırılıb:

«İndiyə qədər görülmüş işlər davam etdiriləcək. Güman edirik ki, qısa müddət ərzində həm bənd bərkitmə, həm içməli su təchizatı, həm suvarma sularının suvarılan torpaqlara çatdırılması, həm də enerjinin bərpası, qaz sahəsi ilə bağlı yaradılan alt komissiyalar işə başlayacaqlar».

Nazir K. Heydərovun sözlərinə görə, müşavirədə yaradılan bəzi komissiyalara su basma təhlükəsi olmayan kəndlərin bərpasına başlanması barədə vaxt verilib:
«Təhlükə olan ərazilərlə bağlı kənd ağsaqqallarının razılığı ilə yerlər seçiləcək. Qısa müddət ərzində evlər tikiləcək və əhali ora köçürüləcək».

Nazir jurnalistlərə açıqlayıb ki, Prezidentin sərəncamına müvafiq olaraq proqram hazırlanır, Kür və Araz sahillərində hidrotexniki qurğuların tikilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi