Modern.az

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR

Təhsil

12 Yanvar 2026, 15:02

Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır.

Modern.az-ın məlumatına görə, bu barədə Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək.

Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. Bunlar rus bölməsinə tələbatın azalması və liseyin bilingval – Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi ilə bağlıdır.

O bildirib ki, rus dili tamamilə ləğv edilmir və bundan sonra ikinci xarici dil kimi tədris olunacaq:

“Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bu barədə ötən il ilkin mövqeyimizi bildirmişdik. Yeni təhsil modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulub”,-deyə o söyləyib.

Direktor əlavə edib ki, hazırda rus bölməsində təhsil alan şagirdlər üçün heç bir dəyişiklik nəzərdə tutulmur:

“Mövcud şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqram əsasında təhsillərini davam etdirəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci sinif şagirdlərinə şamil olunur”.

Bundan əlavə, iclasda daha bir yenilik də açıqlanıb.

Belə ki, yeni tədris ilindən etibarən 2-9-cu siniflərdə ingilis və rus bölmələrində təhsil alan şagirdlər Azərbaycan bölməsi üçün nəzərdə tutulan Azərbaycan dili dərsliklərindən istifadə edəcəklər. Bununla da bütün bölmələrdə Azərbaycan dili həftəlik 5-9 saat həcmində tədris olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır