Modern.az

İmtahanlarda "test dövrü" bitsin – MARAQLI

İmtahanlarda "test dövrü" bitsin – MARAQLI

Təhsil

13 Yanvar 2026, 15:59

Ali təhsil müəssisələrində imtahanların formatı ilə bağlı müzakirələr hər zaman aktual əhəmiyyət kəsb edib. Belə ki, bəzi universitetlər test üsuluna üstünlük verdiyi halda, digərlərində yazılı və ya şifahi imtahanlar tətbiq edilir. Bu fərqlilik isə tələbələr arasında imtahan yükü, qiymətləndirmənin ədalətliliyi və biliklərin real ölçülməsi ilə bağlı müxtəlif yanaşmaların formalaşmasına səbəb olur. Test imtahanlarının daha tez və nisbətən asan cavablandırılması, bəzən bilikdən çox əzbərin ön plana çıxması ilə tənqid edildiyi halda, yazılı imtahanlar materialların həcmi və cavabların ətraflı izah tələbi baxımından daha ağır hesab olunur.

Məsələ burasındadır ki, imtahan formatı yalnız tələbələrin nəticələrinə deyil, eyni zamanda tədrisin ümumi keyfiyyətinə də birbaşa təsir göstərir. Hansı qiymətləndirmə üsulunun bilik və bacarıqları daha obyektiv və dolğun şəkildə üzə çıxardığı, tələbəni düşünməyə və analitik yanaşmaya təşviq etdiyi isə əsas müzakirə mövzularındandır.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, ilk olaraq, sessiya, yay və qış semestr imtahanlarında test və elektron test imtahanlarından tədricən imtina edilməlidir.

“Sevindirici haldır ki, universitetlərimiz artıq bu istiqamətdə addımlar atırlar. Çünki universitet, universitetdir və onun missiyası, məramı fərqlidir. Universitetdə imtahana tələbə abituriyent gözü ilə deyil, oxuduğu ixtisas üzrə özünü gələcək kadr namizədi kimi baxaraq gəlməlidir. İmtahanı gələcək əmək bazarına hazırlıq mexanizmi kimi dərk etməlidir”.

Mütəxəssis həmçinin vurğulayıb ki, tələbə imtahana “bunu da verim, keçim” prizmasından yox, ona özgüvən və peşəkar inam qazandıran bir proses kimi yanaşmalıdır:

“Məhz bu baxış bucağı formalaşanda imtahanın mahiyyəti, onun tələbənin gözündəki mənzərəsi tamamilə dəyişir. Yalnız bu zaman tələbə anlayır ki, test imtahanı faktların əzbərlənib qısa müddətli yaddaşda saxlanılaraq cavablandırıldığı mexanizmdir və bu, onun üçün uzunmüddətli baxımdan o qədər də faydalı deyil”.

E.Nuri təəssüflə qeyd edib ki, tələbələrimizin əksəriyyəti hələ də bu cür düşünmür:

“Onların çoxu üçün imtahan prosesi “nə olursa olsun, bunu aşım, keçim” yanaşması üzərində qurulub. Əminliklə demək olar ki, bəzi tələbələr imtahan verdikdən sonra həmin fənn üzrə biliklərinin 90, bəzən isə 99 faizini çox qısa müddətdə unudurlar. Halbuki həmin fənn bizim ixtisasımızın vacib tərkib hissəsidirsə, bu biliklər uzunmüddətli şəkildə yaddaşımızda qalmalıdır”.

O, həmçinin diqqətə çatdırıb ki, qeyri-ixtisas fənləri üçün bu yanaşma müəyyən qədər qəbul edilə bilər:

“Lakin ixtisas fənləri ilə bağlı buna yol vermək olmaz. Çünki məhz bu biliklər gələcəkdə bizim peşəkar fəaliyyətimizdə bizə dayaq olacaq, necə deyərlər sözün əsl mənasında “əlimizdən tutacaq”. Təəssüf ki, biz bu məqama yetərincə diqqət ayırmırıq.

Məhz bu səbəbdən yazılı imtahanlar bizim üçün olduqca vacibdir. Yazılı imtahanlar tələbənin analitik düşünmə qabiliyyətini, biliklərinin keyfiyyətini və özünü ifadə etmə bacarığını test imtahanları ilə müqayisədə xeyli daha yaxşı üzə çıxarır. Test imtahanları isə bu imkanlardan əsasən məhrumdurlar. Bunu tam əminliklə deyə bilərəm”,- deyə E.Nuri qeyd edib.

Saytımıza açıqlamasında təhsil eksperti Elçin Əfəndi isə ali təhsil müəssisələrində imtahanlar əsasən yazılı və ya test üsulu ilə təşkil olunduğunu vurğulayaraq, bildirib ki, son illərdə bu iki üsuldan konkret biri tətbiq edilir:

“Bəzi universitetlərdə imtahanlar tamamilə test əsasında aparılır və yazılı imtahan nəzərdə tutulmur, digərlərində isə demək olar ki, yalnız yazılı imtahan keçirilir. Ümumilikdə baxdıqda, nəticələrin məzmunlu qiymətləndirilməsi baxımından yazılı imtahanın üstünlükləri daha çoxdur”.

E.Əfəndi də hesab edir ki, yazılı imtahan tələbəni əzbərçiliyə deyil, mövzu üzrə analitik düşünməyə, bilik və bacarıqlarını ifadə etməyə sövq edir:

“Bu zaman tələbənin yazı bacarığı, mövzunu anlama səviyyəsi və müstəqil fikir yürütmə qabiliyyəti daha obyektiv qiymətləndirilir. Əsas məqsəd subyektiv deyil, obyektiv qiymətləndirməyə nail olmaqdır. Test üsulunda isə tələbələr əsasən əzbərləməyə meyilli olur və öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər”,- ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır