Modern.az

Məktəb direktoru olmaq istəyənlərin SAYI

Məktəb direktoru olmaq istəyənlərin SAYI

Təhsil

13 Yanvar 2026, 16:24

Direktorların işə qəbulu müsabiqəsinin elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edildi.

Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, direktor vəzifəsi üzrə ötən ilin 30 oktyabr – 11 noyabr tarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.

Həmin mərhələdə 3036 namizədin müraciəti qeydə alınıb. Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqoji stajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesab edilən 941 namizədin müraciəti müsbət dəyərləndirilib. Həmin namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.

Elektron ərizə qəbulu mərhələsində nəticəsi müsbət qiymətləndirilən namizədlər üçün keçiriləcək müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndiriləcək.

Bununla yanaşı, bildiririk ki, müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd var.

Müsabiqə şərtlərinin tələblərinə uyğun olaraq, daha öncə qiymətləndirmə nəticəsi olmayan və ya tələblərdən aşağı olan namizədlər üçün ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsi nəzərdə tutulub. İştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək. İmtahanın 24 yanvar 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Sözügedən namizədlərin şəxsi səhifələrinə bu imtahanda iştirak imkanları barədə məlumat göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarına əsasən ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsində əsas məqsəd namizədlərin fənn üzrə bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır