Modern.az

Dünyanın texniki universitetləri meydan oxuyur, bəs bizimki nə oxuyur - ARAŞDIRMA

Dünyanın texniki universitetləri meydan oxuyur, bəs bizimki nə oxuyur - ARAŞDIRMA

Təhsil

14 Yanvar 2026, 16:58

Dünya ilə paralel şəkildə ali təhsil sistemi də struktur və prioritet baxımından yeni mərhələyə daxil olub. Əgər 20 il əvvəl universitetlərin əsas missiyası və keyfiyyət göstəriciləri müəllimlik, 10 il əvvəl hüquqşünaslıq kimi klassik ixtisaslar üzrə kadr hazırlığı idisə, bu gün qlobal əmək bazarının tələbləri ali təhsilin fokusunu tamamilə dəyişib.

İnformasiya texnologiyaları, kompüter elmləri və informasiya təhlükəsizliyi kimi sahələr dövlətlərin iqtisadi dayanıqlığı və milli təhlükəsizliyi ilə birbaşa əlaqəli strateji istiqamətlərə çevrilib.

Bu sahələrin əsas özəlliyi isə dinamikliyidir. İnformasiya texnologiyaları klassik elmlərdən fərqli olaraq statik bilik bazasına deyil, davamlı yenilənən bilik və bacarıqlara əsaslanır. Bu da ali təhsil müəssisələri üçün fundamental problemi ortaya çıxarır: sürətlə dəyişən texnoloji mühitə universitetlərin akademik proqramları və infrastruktur imkanları nə dərəcədə çevik uyğunlaşa bilir?

Məhz bu kontekstdə Azərbaycanda informasiya texnologiyaları və əlaqəli ixtisasları tədris edən universitetlərin vəziyyəti keyfiyyətdən daha geniş bir müzakirə predmetinə çevrilir.



Hazırda informasiya texnologiyaları və təhlükəsizliyi yönümlü ixtisaslar üzrə tədris aparan dövlət universitetləri sırasında ADA UniversitetiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAzərbaycan Texniki UniversitetiAzərbaycan Memarlıq və İnşaat UniversitetiAzərbaycan Dövlət İqtisad UniversitetiBakı Mühəndislik UniversitetiMilli Aviasiya AkademiyasıMingəçevir Dövlət UniversitetiLənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti yer alır.

Özəl ali təhsil müəssisələri arasında isə bu sahədə fəaliyyət göstərən universitetlərin sayı xeyli məhduddur. Hazırda informasiya texnologiyaları və əlaqəli ixtisaslar üzrə tədris aparan özəl universitetlər sırasında Bakı Avrasiya Universiteti və Qərbi Kaspi Universiteti göstərilir.

Göründüyü kimi, ölkədə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində informasiya texnologiyaları və kompüter elmləri üzrə ixtisaslar formal olaraq mövcuddur. Lakin bu sahədə sistemli və məqsədyönlü kadr hazırlığı baxımından əsas universitetlər sırasında ən çox adı çəkilən ali təhsil müəssisəsi Azərbaycan Texniki Universitetidir. Daha dəqiq desək, bu universitet özünü məhz informasiya texnologiyaları və mühəndislik sahəsində əsas kadr mənbəyi kimi təqdim etməyə meyillidir və ictimai diskursda da bu imic üzərindən çıxış edir. Onun təyinatı da budur.

Ancaq burada əsas sual təqdimatla reallıq arasındakı uyğunluqdur. Bir universitetin müəyyən sahə üzrə lider olması ixtisasların adları və ya tələbə sayları ilə ölçülmür. Əsas göstəricilər tədris proqramlarının məzmunu, onların beynəlxalq standartlarla uyğunluğu, laborator və texniki infrastrukturun səviyyəsi, eləcə də məzunların real əmək bazarında hansı bacarıqlarla çıxış etməsidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, “əsas kadr yetişdirən universitet” iddiası ciddi faktoloji əsaslar tələb edir.

Dövlət Məşğulluq Agentliyindən əldə etdiyimiz məlumata əsasən, Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları sahəsində özünü təqdim etdiyi mövqe ilə real göstəricilər arasında ciddi uyğunsuzluq var.

Rəsmi reytinq nəticələrinə əsasən, universitetdə tədris olunan İnformasiya təhlükəsizliyi ixtisası ali məktəblər üzrə reytinq siyahısında 9-cuİnformasiya texnologiyaları ixtisası üzrə isə 10-cu pillədə qərarlaşıb.

Daha diqqətçəkən məqam isə bu göstəricilərin qısa müddətdə deyil, 5 il ərzində formalaşmasıdır. Belə ki, agentliyin təqdim etdiyi məlumatlara görə, Azərbaycan Texniki Universitetinin 5 il üzrə orta reytinq göstəricisi İnformasiya təhlükəsizliyi ixtisası üzrə 100 bal üzərindən cəmi 47,3 və İnformasiya texnologiyalarında isə 46,7 bal təşkil edib. Bu isə universitetin informasiya texnologiyaları üzrə kadr hazırlığında nəinki lider mövqedə olmadığını, hətta orta səviyyədən aşağı göstəricilərlə fəaliyyət göstərdiyini ortaya qoyur. Hansı ki, bu universitet qeyd edilən sahə üzrə ixtisaslaşmış ali təhsil ocağı kimi təqdim edilir. Gerçəklik isə Azərbaycan üçün çox kədərlidir.

Dövlət Məşğulluq Agentliyinin açıqladığı göstəricilərdə isə ali təhsil məzunlarının real əmək bazarında hansı sahələrdə və hansı işəgötürənlər yanında cəmləşdiyini aydın şəkildə ortaya qoyur. Məlumatlara əsasən, məzunların ən çox işlə təmin olunduğu qurumlar sırasında ticarət, xidmət və istehsal sektoru üstünlük təşkil edir.

İşəgötürənlər üzrə məzun sayı baxımından ilk pillədə 179 nəfərlə ARAZ SUPERMARKET qərarlaşıb. Bu şirkət üzrə işlə təmin olunan məzunların sayı digərləri ilə müqayisədə açıq şəkildə fərqlənir və siyahıya liderlik edir.

Sonrakı yerlərdə İqlim Elmi‑İstehsalat Müəssisəsi və McDonald's Azərbaycan hər biri 71 məzun göstəricisi ilə qərarlaşıb. Bu nəticə məzunların həm istehsalat, həm də xidmət sektorunda paralel şəkildə cəlb olunduğunu göstərir.

Daha sonra Azərişıq 70ANC Group isə 68 məzun göstəricisi ilə siyahıda yer alır. Bu qurumlar əsasən texniki və əməliyyat yönümlü kadr tələbatı ilə seçilir.

Telekommunikasiya sektorunda fəaliyyət göstərən ABC‑Telecom üzrə 58, pərakəndə ticarət sahəsində fəaliyyət göstərən AL Market üzrə isə 54 məzun işlə təmin olunub.

Siyahının son pillələrində Azərbaycan Supermarket və DOST İş Mərkəzi hər biri 51Azərbaycan Dəmir Yolları isə 49 məzun göstəricisi ilə yer alır.

5 il ərzində məzun olanların 3 min 217-si minumum əməkhaqqı, - aylıq 400 manat maaş alır.

Azərbaycan Texniki Universitetinin İctimai Şurasının üzvü, sabiq deputat Etibar Əliyev universitetin informasiya texnologiyaları istiqamətində son illər müəyyən addımlar atdığını deyir. Onun sözlərinə görə, AzTU-da tədrisin keyfiyyəti və proqramların yenilənməsi sahəsində dəyişikliklər müşahidə olunur. Lakin problem yalnız dəyişikliklərin olub-olmaması deyil, bu dəyişikliklərin hansı reallıqlar fonunda baş verməsidir.

Etibar Əliyev qeyd edir ki, mövcud rəhbərlik fəaliyyətə başlayarkən bir sıra obyektiv çətinliklərlə üzləşib:

“Texniki Universitetdə təhsilin keyfiyyətində və proqramların yenilənməsində müəyyən dəyişikliklər olub. Ancaq məsələnin başqa bir tərəfi də var. İndiki rəhbərlik fəaliyyətə başlayandan real problemlərlə üzləşib. Reallıq ondan ibarətdir ki, bu sahədə kifayət qədər dəstək yoxdur”.

Onun fikrincə, əsas çətinlik texnologiyaların son dərəcə sürətlə dəyişməsi ilə bağlıdır.

E. Əliyev vurğulayır ki, on və ya on beş il əvvəl keçərli olan texnoloji reallıqlar bu gün artıq aktuallığını itirib və bu səbəbdən islahatların birdən-birə deyil, mərhələli şəkildə aparılması zərurəti yaranıb:

Sabiq deputat maliyyə məsələsinə də xüsusi diqqət çəkir. Onun sözlərinə görə, texnologiyalar son dərəcə bahalıdır və hazırkı şəraitdə ali məktəblərin əsas, demək olar ki, yeganə gəlir mənbəyi tələbə ödənişləridir:

“Biz bilirik ki, bütün ali məktəblər faktiki olaraq tələbələrin hesabına yaşayır. İstər dövlət sifarişi ilə oxusun, istər ödənişli əsaslarla, hər tələbə üçün universitetə vəsait ödənilir və bu onların əsas gəlir mənbəyidir”.

Etibar Əliyev problemin daha dərin qatının müəllim amili ilə bağlı olduğunu da açıq şəkildə dilə gətirir. Onun fikrincə, istər ali, istərsə də orta təhsil sisteminin əsas siması müəllimdir və məhz bu sahədə ciddi boşluqlar mövcuddur:

“Yaşlı nəsil müəllimlərin böyük hissəsi artıq yeni texnologiyaları mənimsəyə bilmir. Yeni nəsil alimlərin sayı isə çox azdır. Halbuki texnologiya ideyalarını məhz alimlər gətirməlidir. Bunun üçün isə ciddi maliyyə vəsaiti lazımdır”.

O xatırladır ki, otuz-qırx il əvvəl universitetlərin texnoloji təminatı əsasən dövlət hesabına həyata keçirilirdi. Bu gün isə ali təhsil müəssisələri həmin yükü öz daxili imkanları ilə daşımalı olur. Bu baxımdan Etibar Əliyev biznes sektorunun universitetlərə dəstəyinin vacibliyini də xüsusi vurğulayır.

Sabiq deputat dördüncü sənaye inqilabı və süni intellekt dövründə yaşadığımızı xatırladaraq, bu reallığın Azərbaycan Texniki Universitetinin üzərinə əlavə məsuliyyət qoyduğunu bildirir:

“Bu, süni intellekt dövrüdür. Süni intellekt texnologiyalarının tətbiqi və bu sahədə yeniliklərin ortaya qoyulması ali məktəblərin, o cümlədən Texniki Universitetin üzərinə ciddi məsuliyyət qoyur. Mən hesab edirəm ki, yaxın gələcəkdə görəcəyik ki, Azərbaycan Texniki Universiteti bu missiyanı daşımaq üçün xeyli səylər göstərir”.

Lakin məhz bu məqamda daha ciddi və narahatedici suallar ortaya çıxır. İllik təhsil haqqı 2200-2500 manat arasında dəyişən bir universitetin auditoriyalarının hələ də tam şəkildə proyektor və müasir texniki avadanlıqlarla təchiz olunmadığı halda biz hansı əlavə maliyyələrdən danışa bilərik?

Dövlətin əlavə vəsait ayırması və ya biznes sektorunun investisiyaları təhsilin keyfiyyətinin yüksəldilməsinəmi yönələcək, yoxsa bu vəsaitlər idarəetmə mexanizmlərində itib gedəcək?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri qeyd edib ki, Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları üzrə əsas kadrları hazırlayan ali məktəb kimi təqdim olunması fikri ilə heç də razı deyil.

“Məhz İT profilli ixtisasların tədris və keyfiyyətinə görə bizim Azərbaycan Texniki Universitetini ön sıralarda görməyimiz və burada ilk pilləDƏ  düşünməyimiz məncə, hələ tezdir”.

E. Nuri qeyd edib ki, bununla bağlı hansısa reytinq sıralaması da yoxdur:

“Adətən dünya təcrübəsində bir çox universitetlər həm də müxtəlif profillərə görə müəyyənləşdirilir. Məsələn, UNEC müxtəlif QS reytinqlərində yaxşı nəticələr göstərir, xüsusən də QS Dünya Universitetləri Reytinqində 2026-cı ildə qlobal miqyasda 801-850-ci yerlərdə qərarlaşır və QS Beynəlxalq Ticarət Reytinqində (Magistr/MBA 2026) 56-cı, İqtisadiyyat və Ekonometrika üzrə 351-400-cü (QS 2024) və QS Davamlılıq Reytinqində 2026-cı ildə qlobal miqyasda 726-cı yerdədir və bu ixtisaslaşmış kateqoriyalarda tez-tez Azərbaycan və Qafqazda liderlik edir.

Lakin milli səviyyədə də olsa, İT profilli ixtisasların tədrisinə görə hansısa bir reytinq sıralaması yoxdur ki, biz burada AzTU-nun ön və sonrakı pillədə olduğunu görə bilək”.

Təhsil üzrə tədqiqatçı bildirir ki, bu məsələdə əsas və ən etibarlı ölçü vahidi məhz tələbələrin özləridir. Onun sözlərinə görə, abituriyent olduqları dövrdə məsləhət və ixtisas seçimi prosesində iştirak etdiyi gənclərin bir qismi hazırda müxtəlif ali təhsil müəssisələrində İT profilli ixtisaslar üzrə təhsil alır.

“Mən həmin tələbələrlə, eləcə də digər ixtisaslarda oxuyan gənclərlə mütəmadi əlaqə saxlayıram, onlardan tədrisin keyfiyyəti ilə bağlı fikirlərini öyrənirəm. Bu baxımdan real mənzərəni məhz tələbələrin müşahidələri üzərindən qiymətləndirmək mümkündür”.

E. Nuri qeyd edir ki, təəssüf doğuran məqam Azərbaycan Texniki Universitetində İT profilli ixtisaslar üzrə təhsil alan tələbələrin ümumi qənaətinin yüksək olmamasıdır. Onun fikrincə, bu qiymətləndirmə fərdi deyil, zamanla formalaşan ümumi təəssürata əsaslanır.

“Əlbəttə, universitet bununla bağlı narazılıq ifadə edə, əks arqumentlər irəli sürə bilər və mən bunu anlayışla qarşılayıram. Ancaq fakt ondan ibarətdir ki, bu günə qədər Azərbaycan Texniki Universitetində İT profilli ixtisasların tədrisi ilə bağlı nəzərəçarpacaq yeniliklərin şahidi olmamışam”.

O, istənilən halda obyektiv qiymətləndirmə yalnız açıq müzakirə və yerində müşahidə ilə mümkün olduğunu qeyd edib:

“Nə zaman dəvət olunsa, böyük məmnuniyyətlə digər təhsil tədqiqatçıları və mütəxəssislərlə birlikdə universitetə gedib mövcud vəziyyətlə yerində tanış olmağa və real mənzərəni canlı şəkildə görməyə hazıram”.

Onun sözlərinə görə, əmək bazarında ən yüksək tələbat məhz bu istiqamətdə formalaşacaq və ali təhsil sistemi bu reallığa uyğunlaşmalıdır.

“Elə ixtisaslar var ki, onlar yalnız dövrün tələbinə cavab vermir, eyni zamanda gələcək iqtisadi və texnoloji inkişafın simasını müəyyənləşdirir. Bu baxımdan İT profilli ixtisaslar xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də bu sahədə beynəlxalq təcrübələrin yerli universitetlərə gətirilməsi istiqamətində ciddi və ardıcıl addımlar atılmalıdır. Əgər bu mexanizmlər Azərbaycan Texniki Universitetində tətbiq olunsa, düşünürəm ki, bu, real və uzunmüddətli fayda verə bilər”.

Ekspertin fikrincə, ikili diplom proqramlarının da məhz İT profilli ixtisaslar üzərindən qurulması daha məqsədəuyğundur. O vurğulayır ki, Texniki Universitetin əsas profillərindən biri məhz bu istiqamətdir və bu üstünlükdən effektiv istifadə olunmalıdır.

“Texniki dünyanın əsas meyarı rəqəmsallaşmadır. Bu reallıq fonunda ikili diplom proqramlarının İT profilli ixtisaslarla bağlı olması daha məntiqli görünür. Ancaq təəssüf ki, hazırda Azərbaycan Texniki Universitetində İT və texniki profilli ixtisasların əmək bazarındakı tələbat göstəriciləri digər aparıcı universitetlərdən geri qalır”.

Elmin Nuri universitet bu sahədə uzun illər yığılıb qalmış problemləri kənara qoymalı və yenilənmə prosesinə fokuslanmalıdır. Onun sözlərinə görə, əsas prioritet yeni kadrların cəlbi və müasir laborator mühitinin yaradılması olmalı olduğunu vurğulayıb.

Belə olduğu halda tələbələr niyə Azərbaycan Texniki Universitetini seçir? – cavab çox sadədir. Keçid balları çox aşağı olduğu üçün tələbələrin bir çoxu son ümid kimi məhz AzTU-nu seçirlər. Nəticədə illərdir ki, bu universitetdə ixtisaslar üzrə keçid balları eyni ixtisası tədris edən digər universitetlərdən daha aşağı olur.

Müqayisə üçün Azərbaycan Dövlət Neft və Sənaye UniversitetiAzərbaycan Dövlət İqtisad Universiteti və AzTU-nun göstəricilərinə baxdıqda, eyni ixtisaslar üzrə ciddi fərqlər ortaya çıxır.

Kompüter elmləri ixtisasında AzTU-da maksimum 526,7 bal olduğu halda, ADNSU-da bu göstərici ingilis bölməsi üzrə 567,1 bala, UNEC-də isə 583,1 bala yüksəlir. İnformasiya texnologiyaları ixtisasında AzTU-da ingilis bölməsi 548,7 bal olduğu halda, ADNSU-da 562,1, UNEC-də isə 634,6 bala qədər qalxır.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə fərq daha qabarıqdır. AzTU-da maksimum göstərici 560,4 baldır. ADNSU-da bu rəqəm 587,5, UNEC-də isə 640,2 bal təşkil edir. Kompüter mühəndisliyi ixtisasında AzTU-da ən yüksək bal 503,5 olduğu halda, ADNSU-da 544,4, UNEC-də isə 622,5 bal qeydə alınıb.

Elektrik və elektronika mühəndisliyi üzrə AzTU-da göstərici 254,4 bal səviyyəsində qaldığı halda, ADNSU-da 453, UNEC-də isə 417,8 bala çatır. Mexatronika və robototexnika mühəndisliyi üzrə AzTU-da 324,8 bal qeydə alındığı halda, ADNSU-da bu ixtisas üzrə göstərici 415,6 baldır.

Kimya mühəndisliyi üzrə də oxşar mənzərə var. AzTU-da bal 307,1 olduğu halda, ADNSU-da bu göstərici 424,7, ingilis bölməsi üzrə isə 624,9 bala qədər yüksəlir.



Qeyd edək ki, Azərbaycanda informasiya texnologiyaları sahəsində ixtisaslaşan, eləcə də elm və təhsil mühitində fəaliyyət göstərən bir sıra şəxslər bu universitetlə bağlı ünvanlanan suallara konkret mövqe bildirməkdə çətinlik çəkdilər. Onların yanaşmasına görə, bu tərəddüdün əsas səbəbi universitetin özünü təqdim etdiyi iddialarla real göstəricilər arasında müşahidə olunan uyğunsuzluqdur.

İnformasiya texnologiyaları üzrə kadr hazırlığında Azərbaycan üçün ən yaxın və müqayisəolunan beynəlxalq modellər Türkiyə və İsrail təcrübəsidir. Hər iki ölkə nə ABŞ kimi nəhəng maliyyə resurslarına, nə də Sinqapur tipli sərt mərkəzləşdirilmiş idarəetməyə malikdir. Buna baxmayaraq, məhz düzgün qurulmuş universitet -sənaye əlaqələri hesabına İT, kibertəhlükəsizlik və süni intellekt sahələrində regional və qlobal miqyasda tanınan mütəxəssis məktəbləri formalaşdıra biliblər. Bu modellərin əsas fərqi universitetlərin həm də texnoloji ekosistemin mərkəzi kimi fəaliyyət göstərməsidir.

Türkiyə təcrübəsində informasiya texnologiyaları üzrə kadr hazırlığının əsas dayağı universitetlərin ətrafında qurulan texnopark sistemidir. Bu ölkədə universitet auditoriyası ilə real bazar arasında sərt sərhəd yoxdur. Məsələn, Orta Doğu Teknik Üniversitesi illərdir təkcə kompüter elmləri üzrə proqramları ilə deyil, eyni zamanda universitetin yanında fəaliyyət göstərən “ODTÜ TEKNOKENT” vasitəsilə tanınır. Burada yüzlərlə texnologiya şirkəti, minlərlə mühəndis və proqramçı universitet mühiti ilə birbaşa təmasda fəaliyyət göstərir. Tələbə dərsi bitirdikdən sonra nəzəri biliklə kifayətlənmir, eyni anda real layihənin bir hissəsinə çevrilir.

Oxşar yanaşma İstanbul Teknik Üniversitesi üçün də xarakterikdir. “İTU ARI Teknokent” Türkiyənin ən böyük innovasiya məkanlarından biri hesab olunur və burada süni intellekt, proqram təminatı, böyük verilənlər bazası və kibertəhlükəsizlik sahələrində yüzlərlə şirkət fəaliyyət göstərir. Bu mühitdə müəllim dərs deməklə yanaşı, startap məsləhətçisi və layihə rəhbəri rolunu daşıyır, tələbə isə potensial işçi, həmçinin prosesin iştirakçısı kimi yetişir. Nəticədə məzun əmək bazarına “ilk iş yerini axtaran” statusu ilə deyil, təcrübəsi olan mütəxəssis kimi daxil olur.

İsrail təcrübəsi isə daha sərt və strateji yanaşma təqdim edir. Burada informasiya texnologiyaları təhsili birbaşa araşdırma, müdafiə və milli təhlükəsizlik kontekstində formalaşıb. İsrailin aparıcı texniki ali məktəbi olan Technion – Israel Institute of Technology kompüter elmləri və informasiya təhlükəsizliyi sahəsində dünyada tanınan ali məktəblərdən biri sayılır. Bu universitetdə İT istiqamətləri 1960–1970-ci illərdən etibarən ayrıca institusional xətt kimi qurulub və illər ərzində sistemli şəkildə inkişaf etdirilib.

İsrail modelinin mahiyyəti ondadır ki, universitet texnologiya ideyası istehsal edən mərkəz kimi çıxış edir. Tələbələr hələ bakalavr pilləsində real elmi-tədqiqat layihələrinə cəlb olunur, kibertəhlükəsizlik və süni intellekt sahələri isə sırf akademik yox, strateji sahə kimi qiymətləndirilir. Universitet, ordu və sənaye arasında qurulan sıx əlaqə nəticəsində məzunların böyük hissəsi ya yüksək texnologiya şirkətlərində, ya da startap ekosistemində fəaliyyətə başlayır.

Bu təcrübə göstərir ki, universitet yalnız dərs keçməklə kifayətlənirsə, bu sahədə liderlik iddiası kağız üzərində qalır. Görünən isə odur ki, Azərbaycan Texniki Universiteti tələbələrə mütəxəssis olmaq istədikləri sahəni öyrədə bilmədiyi kimi, özü də düya təcrübəsini öyrənə bilmir. Ən acınacaqlı hal odur ki, adında texniki sözünü daşıyan bir universitet nəinki beynəlxalq miqyaslı rəqabətliliyə davam gətirir, heç daxili bazarda da özünə yer tuta bilmir. Yalnız əyalət universitetləri ilə müqayisə olunacaq güc nümayiş etdirə bilir.

Və unutmayaq ki, ölkə başçısı ali təhsil müəssisələrinin hər zaman dövrün çağırışlarına cavab verməli olduğunu prioritet kimi qarşıya məqsəd qoyub. Biz həyəcan təbili çalırıq, dünya artıq süni intellek dilində danışır. Azərbaycan Amerika ilə müzakirələr aparır.

Əmin olun, bu sahəni Azərbaycan Texniki Universitetinin ümidinə qoymaq, istənilən halda fəlakətdir. Adında texniki sözünü daşıyan dünyanın istənilən universiteti dünyaya meydan oxuyur. Azərbaycan Texniki Universiteti isə tələbələrə mühazirə, cəmiyyətə mahnı oxuyur.

Reallıq ondan ibarətdir ki, informasiya texnologiyaları sahəsi ən sürətlə dəyişən və ən tez köhnələn bilik bazasına malik sahələrdən biridir. Bu isə ali təhsil müəssisələrini daimi yenilənməyə, proqramlarını çevik şəkildə bazar tələblərinə uyğunlaşdırmağa məcbur edir. Klassik mühəndislik yanaşması ilə qurulmuş tədris modelləri isə çox zaman bu tempə uyğunlaşmaqda çətinlik çəkir. Nəticədə tələbələr fundamental bilik alsalar da, praktiki bacarıqlar, real layihə təcrübəsi və müasir texnoloji alətlərlə işləmək imkanları məhdud qalır.

Yazmaq, təhlil etmək bizdən, həqiqəti görməmək universitet rəhbərliyindən olsun. Yəqin ki, tədbir görəcək qurumlar da olacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır