2026-cı ildə təşkil olunacaq müəllimlərin sertifikatlaşdırılması ilə bağlı proqnozlar əvvəlki illərlə müqayisədə xeyli müsbətdir.
Bunu Modern.az-a açıqlamasında təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri deyib.
O qeyd edib ki, buna baxmayaraq bu il də müəyyən dərəcədə ürəkaçmayan nəticələrin şahidi olacağıq. Amma bu, əvvəlki illərlə müqayisədə müəyyən dərəcədə müsbətə doğru dəyişə biləcək.
Ekspertin fikrincə, bütün fənlər üzrə eyni keyfiyyət göstəricisinin olduğunu söyləmək qətiyyən olmaz:
“Bir fənn üzrə özünü sınayan müəllimlərin oxşar nəticələr əldə etdiyini də söyləmək olmaz. Prosesin nəticələri mütləq yox, nisbidir və ildən-ildə aşağı-yuxarı intervallar üzrə dəyişə bilər. Lakin məsələnin psixoloji və praktiki hazırlıq tərəfləri isə əvvəlki illərdə olduğu kimi qala bilməz. 2021-ci ildə sertifikasiyadan keçən müəllimlə, 2026-cı ildə bu müsabiqədən keçəcək müəllim bir ola bilməz. O, ən azından, artıq 5 ildir ki, psixoloji proses olaraq bu faktorları özündən keçirir”.
Elmin Nuri bölgə və şəhər məktəblərində çalışan müəllimlərin nəticələrinə də aydınlıq gətirib:
“İndi əsas məsələ müəllimin harada çalışması yox, onun öz üzərində necə işləməsi, pedaqoji prosesə, özünüinkişafa necə reaksiya verməsidir. Şəxsən mənə görə başqa ölkələrdən fərqli olaraq ən ucqarda çalışan müəllimin keyfiyyət göstəricisi ilə mərkəzi ərazilərdə işləyən pedoqoji kadrın analoji tərəfləri arasında heç bir fərq yoxdur. Təhsil bir proses olaraq özünün keyfiyyət göstəricisini məkana görə yox, mühitə, hərəkətə görə nizamlayır. Bölgələrdə isə bu hərəkət bəzi müəllimlər tərəfindən elə nizamlana bilər ki, onlar şəhər məktəblərini də geridə qoya bilərlər”.
“Bu zaman haqlı olaraq belə bir sual meydana çıxır: "Əgər elədirsə, biz niyə hər il minimal balı belə toplaya bilməyən, zəif nəticə göstərə müəllimlərin heç də az olmadığını görürük?- Sual məntiqli səslənə bilər. Amma bunun səbəb göstəricisi birbaşa həmin müəllimlərin özləridirlər. Yəni, onlar özünüinkişafa, fənləri üzrə daha da təkmilləşməyə önəm vermədikləri üçün bəziləri hətta iki dəfə ard-arda "kəsilib". Çalışdığı məkan və digər şərtlər isə qətiyyən səbəb kimi göstərilə bilməz" – o sonda qeyd edib.