Modern.az

Özəl liseylər ləğv edilə bilər? 

Özəl liseylər ləğv edilə bilər? 

Təhsil

10 Fevral 2026, 10:48

Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verən və 10-cu sinif şagirdinin müəlliminə odlu silahla atəş açması ilə nəticələnən hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu insident yetkinlik yaşına çatmayanlar arasında zorakılığa meylliliyin artmasının təsadüfi olmadığını, eyni zamanda dərin sosial və psixoloji problemlərin mövcudluğunu üzə çıxarır.

Habelə, hadisə fonunda özəl liseylərin fəaliyyəti, eləcə də bu qəbildən olan təhsil müəssisələrində nəzarət mexanizmlərinin və məsuliyyət bölgüsünün hansı səviyyədə olması da gündəmə gəlir. 

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, belə hadisələr cəmiyyətdə haqlı olaraq ciddi narahatlıq doğurur.

“Bu tip hallar istənilən təhsil müəssisəsində - istər dövlət ümumtəhsil məktəbində, istər özəl liseydə, kollecdə və ya universitetdə də baş verə bilər. Bununla belə, mən hesab etmirəm ki, baş verən hadisə “İdrak” liseyinin bağlanmasına qədər gedib çıxacaq təşəbbüslərlə nəticələnsin. Açıq desək, bu cür risklərdən heç bir müəssisə tam sığortalanmayıb.

Problem daha dərin, eləcə də ümumbəşəri xarakter daşıyır. Son illərdə cəmiyyətdə müşahidə olunan aqressiya da artıq məktəb mühitinə sirayət edib. Xüsusilə 2011-ci ildən etibarən internet üzərindən uşaqlar üçün “əyləncə” adı altında təqdim olunan, lakin son dərəcə təhlükəli olan oyunlara aludəçilik bir sıra ölkələrdə ağır nəticələrə səbəb olub”.

Ekspertin fikrincə, 2016-cı ildən bu tip oyunların qadağan olunması ilə bağlı təşəbbüslər irəli sürülsə də, 2018-ci ildə Krımda baş verən məlum hadisə göstərdi ki, təhlükə hələ də aktualdır:

“Həmin hadisədə 10-cu sinif şagirdi sinif yoldaşlarına qarşı silahlı hücum törətmiş, bir neçə nəfəri qətlə yetirmiş, digərlərini isə ağır yaralamışdı. Bu gün sosial şəbəkələrdə yayılan məlumatlara görə, İdrak Liseyində baş verən hadisənin iştirakçısı da məhz həmin olayı özünə istinad mənbəyi, bir növ “nümunə” kimi götürərək həyata keçirib”.

M.Məmmədli təəssüflə qeyd edib ki, bu cür hadisələri özünə “kumir” seçən, onlardan ilham alan məktəblilər bu gün həm özəl, həm də dövlət məktəblərində mövcuddur. Onun sözlərinə görə, bu isə artıq təkcə bir məktəbin və ya bir şagirdin problemi deyil.

“Belə halların qarşısının alınmasında əsas və həlledici rol valideynlərin üzərinə düşür. Valideynlərlə övladlar arasında ciddi, sistemli və nəzarətli iş aparılmalıdır. Dövlət səviyyəsində müəyyən qadağalar tətbiq olunsa da, bu tədbirlər hələlik uşaqların təhlükəli məzmuna çıxışını tam məhdudlaşdıra bilmir. Bu gün əlində planşet və ya smartfon olan hər bir şagird bu tip oyunlara və platformalara asanlıqla qoşula bilir”.

Ekspert həmçinin vurğulayıb ki, bu cür halların gələcəkdə azalması deyil, əksinə artması ehtimalı daha yüksək görünür:

“Asılılığı olan, bu tip oyunlarda iştirak edən uşaqlar gördükləri hadisələrdən “ilhamlanaraq” özlərini sübut etməyə çalışırlar. Xüsusilə akademik göstəriciləri zəif, dərsə davamiyyəti aşağı olan bəzi şagirdlərin kriminal aləmə daha çox meyil göstərməsi bu riski daha da artırır.

Bu vəziyyətin ağır nəticələrə gətirib çıxarmaması üçün dövlət qurumları - Elm və Təhsil Nazirliyi, eləcə də hüquq-mühafizə orqanları kiber-cinayətkarlığa qarşı apardıqları mübarizə kimi, təhlükəli oyunların və zərərli məzmunların yayılmasına qarşı da daha sərt və sistemli tədbirlər görməlidirlər. 2016-cı ildən etibarən Azərbaycanda “Mavi balina” adlı təhlükəli oyunun yayılması və bunun bir neçə intihara səbəb olması da cəmiyyəti ciddi şəkildə silkələmişdi. Həmin dövrdə valideynlərin və aidiyyəti qurumların birgə səyləri nəticəsində bu təhlükənin qarşısı alına bilmişdi.

Lakin bu gün artıq yeni və fərqli oyunlar meydana çıxıb. Müharibə mövzulu onlayn oyunlar, müxtəlif ölkələrdən olan uşaqların eyni platformada birləşməsi, zorakılığı normallaşdıran ssenarilərin müzakirəsi və onların real həyata tətbiqi cəhdləri də bu kimi xoşagəlməz və təhlükəli hadisələrə zəmin yaradır”, - deyə M.Məmmədli əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda tunellər bağlandı - DƏHŞƏTLİ HÜCUM başlayır