Futbol üzrə dünya çempionatında 1-ci tura yekun vurulub. “H” qrupunun ilk qarşılaşmasında Çili və Honduras komandaları qarşılaşıblar. Çili yığması 1:0 hesabı ilə rəqibini məğlub edib. Bu qrupun ikinci qarşılaşmasında İsveçrə və İspaniya komandaları üz-üzə gəlib. İsveçrə yığması minimal hesabla rəqibini məğlub edib – 1:0. Bu, hamı üçün gözlənilməz nəticə olub. Dünən həm də qruplarda 2-ci tura start verilib. “A” qrupunda çıxış edən Uruqvay millisi ev sahibi Cənubi Afrika Respublikasının futbolçularına qalib gəlib. Cənubi amerikalılar meydan sahiblərinin qapısından 3 cavabsız qol keçiriblər.
Bu gün A və B qruplarında mühüm əhəmiyyət kəsb edən oyunlar keçiriləcək. A qrupunda Fransa millisi Meksika yığması ilə qarşılacaq. Bu qrupda iki oyun keçirən Uruqvay yığması 4 xalla liderdir. Bir oyun az keçirən Fransa və Meksika millilərinin isə 1 xalı var. Qələbə bu komandalardan birinin liderlə xal fərqini aradan qaldırması ilə nəticələnəcək. B qrupunda isə Argentina və Cənubi Koreya millilərinin oyunu mühüm əhəmiyyət kəsb edir. Hər iki komandanın üç xalı var. Bu günkü oyun qrupda təkhakimiyyətliliyə səbəb ola bilər. Qrupdakı digər qarşılaşma isə Nigeriya və Yunanıstan yığmaları arasında keçiriləcək. Bu komandalardan heç biri ilk oyunda xal qazana bilməyib.