Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu dəfəki sorğu zamanı respondentlərə “Dövlət sosial sığorta sistemində fərdi uçotun hansı məqsədlə aparıldığını bilirsinizmi” sualı ünvanlanıb. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 40,7 faizi dövlət sosial sığorta sistemində fərdi uçotun hansı məqsədlə aparıldığından tam məlumatlı olduğunu nəzərə çatdırıb. Sorğuya qatılanların 33,7 faizi fərdi uçotun hansı məqsədlə aparıldığından qismən məlumatlı olduğunu bildirib. Respondentlərin 25,6 faizi isə “Dövlət sosial sığorta sistemində fərdi uçotun hansı məqsədlə aparıldığını bilirsinizmi” sualına “bu barədə məlumatım yoxdur” cavabını veriblər.
Məlumatı DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb. Fərdi uçot sisteminin tətbiqində əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsidir. Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin edilən pensiyanın miqdarının sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu nəzərə alsaq, hər bir vətəndaş aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.
Son dövrlər həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlar nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə mühüm vəzifələr yerinə yetirilib. Bu sahədə normativ hüquqi bazanın yaradılması, zəruri infrastrukturun qurulması, qeydiyyatdakı bütün sığotaolunanlara fərdi şəxsi hesab açılaraq sığorta şəhadətnamələrinin paylanması təmin edilib. Dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan mühüm vəzifələrdən biridir. Proqrama uyğun olaraq perspektivdə sığortaolunanlara dair müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması nəzərdə tutulur.
Modern.az