Gəncə Dövlət Universitetinin Tələbə evində Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev tələbələrlə görüş keçirib. Görüşdən əvvəl o yataqxana ilə yaxından tanış olub. Bildirilib ki, 744 tələbənin qala biləcəyi Tələbə evi fasiləsiz elektrik enerjisi və daimi isti-soyuq su ilə təmin olunub. Kompleksin 3 yaşayış binasında 400 nəfər tələbənin eyni anda istifadə edə biləcəyi yeməkxana, idman meydançası, fəvvarə, yaşıl zona və istirahət zonası mövcuddur. Təhlükəsizlik kamerasının quraşdırıldığı Tələbə evində universitetin əsas kitabxanası da yerləşir.
Daha sonra İsfəndiyar Alverdiyev kitabxananın oxu zalında tələbələrlə görüşüb. Bildirib ki, Universitetin rektoru Yusif Yusibov daima tələbələrlə görüşlər keçirir və onların problemlərini dinləyərək, həlli istiqamətində göstərişlər verir. Bu gün Tələbə evində qalan tələbələrlə görüş də Universitetin rektoru Yusif Yusibovun tapşırığı əsasında həyata keçirilir. Əsas məqsəd burada olan tələbələrin problemlərini, eləcə də təkliflərini dinləyib həlli istiqamətində işlər görməkdir.
Görüşdə o da diqqətə çatdırılıb ki, tələbə evində psixoloji mərkəz yaradılacaq. Universitetin psixologiya kafedrasının professor və müəllimləri burada mütamadi olaraq tələbələrlə görüşüb, onlarla maarifləndirici söhbətlər aparacaqlar.
Universitetin İdman Klubunun rəhbəri Xəqani Umudov, GDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov çıxış edərək burada yaradılan şəraitdən və rəhbərlik tərəfindən həyata keçirilən işlərdən bəhs ediblər.
Universitetin Kitabxana və İnformasiya Mərkəzinin müdiri Ayşən Əhmədova diqqətə çatdırıb ki, Tələbə evində müasir standartlara cavab verən elektronlaşdırılmış kitabxana fəaliyyət göstərtir. Artıq tələbələr, eləcə də akademik heyət Gəncə Dövlət Universitetinin saytına (gdu.edu.az) daxil olduqdan sonra “Elektron kitabxana” linki (gdu.empro.az) vasitəsilə zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış ola bilirlər. Universitet kitabxanasının mövcud məlumat bazasında yer alan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə daxil ediləcək. Əsas məqsəd isə Gəncə Dövlət Universitetində kitabxana xidmətlərinin müasir informasiya texnologiyalarına uyğun təkmilləşdirilməsi və daha operativ xidmət göstərilməsinin təmin edilməsidir. Universitetdə elektron kitabxana proqramı SİNAM MMC şirkətinin dəstəyi ilə fəaliyyət göstərir.
Görüş zamanı Tələbə evində tələbələrin qarşılaşdıqları problemlərin həlli istiqamətində işlərin görüləcəyi və bu cür görüşlərin mütamadi olaraq keçiriləcəyi vurğulanıb.