“Sertifikasiyadan keçən müəllimə 5 il müddətinə dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Müəllim hər 5 ildən bir yenidən sertifikasiyadan keçməlidir. Hesab edirəm ki, həkimlərin sertifikasiyadan keçirilməsi qaydalarına tətbiq edilən son yeniliklər müəllimlərin sertikasiyasına da tətbiq edilə bilər. Yəni, həkimlərdə olduğu kimi, müəllim də 5 il müddətində müəllim inkişaf təlimlərində və ya müəllim ixtisasartırma kurslarında iştirak edib illik 50 bal, ümumilikdə isə 5 il ərzində 250 bal yığacaqsa, o, növbəti sertifikasiyadan azad olunmalıdır. Bu yanaşma müəllimlərin davamlı inkişaf modelini formalaşdıracaq və onların peşəkar inkişafına xidmət edəcəkdir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Vasiq Qafarov bildirib.
Deputat qeyd edib ki, sertifikatlaşdırmanın məcburi xarakter daşıması nəzərdə tutulur. Lakin burada uğursuz nəticə halları aydın şəkildə tənzimlənməlidir. Bu prosedurun əmək müqaviləsinə təsirinin hüquqi baxımdan dəqiq tənzimlənməsi də vacibdir. Müəllimlərə 2 dəfə təkrar imtahan hüququ verilməsini, bu müddətdə onların təlimlərdə iştirakının təmin olunmasını və 3-cü dəfə uğursuz nəticə olduqda əmək müqaviləsinə xitam verilməsi qaydasının konkret göstərilməsini təklif edirəm. Hesab edirəm ki, burada əsas məqsəd cəza vermək deyil, peşəkar inkişafı təşviq etmək olmalıdır.
“Ümumilikdə hesab edirəm ki, musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin sertifikatlaşdırmaya cəlb edilməsi qiymətləndirmənin şəffaflığını artıracaq, nəticələrin müqayisəsini mümkün edəcək və peşə yararlılığını daha obyektiv ölçəcəkdir. Lakin bunun üçün keyfiyyətli sual bazasının hazırlanmasını, mütəxəssislərin yetişdirilməsini və güclü rəqəmsal sistemin qurulmasını vacib hesab edirəm. İlkin mərhələdə pilot layihənin tətbiqini və nəticələrə əsasən təkmilləşdirmələrin aparılmasını təklif edirəm”.
Müəllimlər arasında motivasiyanın artırılması da vacibdir:
“Hesab edirəm ki, uğurlu nəticə göstərən müəllimlərə topladıqları nəticələrə uyğun disserensial əməkhaqqı əlavəsinin verilməsini, karyera yüksəlişində üstünlük tətbiq olunmasını və sertifikasiya nəticələrinin işə qəbul və təyinat zamanı əsas meyar kimi istifadə edilməsini təmin etmək də vacibdir.
Ən vacibi isə odur ki, sertifikatlaşdırma işdən çıxarma vasitəsinə deyil, peşəkar inkişaf alətinə çevrilməlidir. Musiqi, incəsənət və rəssamlıq sahələri üçün ayrıca meyarların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir” – o qeyd edib.