Modern.az

"Sel qaçqınları" Bakı-Bəhramtəpə yolunu bağlayıb

"Sel qaçqınları" Bakı-Bəhramtəpə yolunu bağlayıb

24 İyun 2010, 12:30

Sabirabadın və Saatlının su basan kəndlərinin əhalisi iyunun 24-də yenidən aksiya keçirir. Bu dəfə Bakı-Bəhramtəpə yolunun Sabirabaddan keçən hissəsini bağlayıblar. Sakinlər hökumətin qərarına etiraz edərək öz kəndlərindən köçmək istəmirlər.
Sabirabad sakini Fətulla Fətullayev "Azadlıq" radiosuna bildirib ki, yol 3 saatdan artıqdır bağlıdır:

«Dünənki aksiyamızın nəticəsi olmadığına görə, bu dəfə 4-5 mindən artıq adam Bakı-Bəhramtəpə trasını kəsib, bütün nəqliyyat dayanıb, 3 saatdan artıqdır hələ heç kim yoxdur. Tələbimiz odur ki, əhalinin razılığı olmadan əhalinin köçürülməsi haqqında qərar niyə qəbul olunub. Əhali deyir ki, biz bu qərarı tanımırıq. Biz ərazimizə qayıtmaq istəyirik. Zəhmət çəkib ərazinin suyunu çəksinlər, biz ərazimizə qayıdaq. Bununla əlaqədar bir çox tələblər var. Tələblər yazılı şəkildə icra başçısına təhvil verilib. Əhali yuxarıdan nümayəndə gözləyir, hələ heç kim gəlməyib».

Kürlə-Araz çayları arasında bəzi yaşayış məntəqələrində daim təhlükə olduğundan hökumət həmin ərazilərin sakinlərinin köçürüləcəyini bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, köçürüləcək kəndlərin adları həftənin sonuna qədər açıqlanacaq. Bu məqsədlə İmişli, Sabirabad, Saatlı rayonu ərazisində sakinlərin əvvəllər yaşadıqları kəndlərə yaxın ərazilər seçilib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə