“Təhsil elə bir sahədir ki, burada həyata keçirilən dəyişikliklərin nəticələri dərhal görünmür”.
Modern.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Təhsildə nəticələri görmək üçün müəyyən zaman tələb olunur. Lakin artıq bu dəyişikliklərin bəzi nəticələrini müşahidə etməyə başlamışıq.
Ən mühüm məqamlardan biri xarici dil bilikləri ilə bağlıdır. Xarici dil imtahanlarının tətbiqindən sonra bu sahədə irəliləyiş açıq şəkildə hiss olunur. Bu istiqamətdə məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim edilir və aidiyyəti qurumlarla paylaşılır.
Digər mühüm yeniliklərdən biri isə informatika fənninin qəbul imtahanlarına daxil edilməsidir. Bu fənn son illərdə ilk dəfə olaraq qəbul prosesində ayrıca imtahan predmeti kimi tətbiq olunmağa başlanıb və bu da müasir dövrün tələblərinə uyğun mühüm addım kimi qiymətləndirilir".