Modern.az

Bakıda Avropa Yayımları Birliyinin 64-cü sessiyası başlayıb

Bakıda Avropa Yayımları Birliyinin 64-cü sessiyası başlayıb

1 İyul 2010, 13:01

İyulun 1-də Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası  öz işinə başlayıb. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun ölkəmizdən yeganə üzvü olan İctimai Televiziya və Radio Yayımları Şirkəti ev sahibliyi edir. Üç gün davam edəcək sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatının rəhbərləri, eləcə də Avropa Yayımları Birliyi, Asiya Yayımları Birliyi, Afrika Yayımları Birliyi, Amerika Yayımları Birliyində cəmləşən məşhur ictimai yayımçılar təmsil olunur.

Sessiyanın açılışında çıxış edən Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo tədbirin Azırbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq, yüksək səviyyəli təşkilatçılığa görə İctimai Televiziyaya təşəkkürünü bildirib.

Daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov çıxış edib. Baş direktor Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü Bakı sessiyasının işinə uğurlar arzulayaraq müzakirə ediləcək məsələlərin, qəbul olunacaq qərarların gələcək əməkdaşlığa yeni imkanlar açacağına əminliyini ifadə edib.

İsmayıl Ömərov demokratik inkişaf yolunu tutan Azərbaycanda demokratik cəmiyyət üçün xas olan söz azadlığı və fikir plüralizminin formalaşmasında İctimai Teleradionun xüsusi rolunu qeyd edib. Baş direktor bildirib ki, İctimai Teleradio öz fəaliyyəti ilə vətəndaş cəmiyyətinin formalaşmasına çox ciddi təsir göstərib. Avropa Yayımları Birliyi kimi mötəbər bir teleradio qurumunun Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsinin özünün də bu demokratik prosesin inkişafına kömək etdiyini vurğulayıb.

        Qeyd edək ki, Baş Assambleyanın sessiyasında Avropa Yayımları Birliyinin yarımillik fəaliyyyəti, internet və media dünyası, yeni əsrdə jurnalistika problemləri barədə müzakirələr aparılır. 

Xatırladaq ki, 2007-ci ildən bəri Avropa Yayımları Birliyi ilə İctimai Televiziya arasında geniş əməkdaşlıq yaranıb. Qurumun Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsi isə bu əməkdaşlığı, eləcə də dünyanın bir sıra nüfuzlu televiziya və radio təşkilatları ilə ikitərəfli əlaqələri genişləndirməyə imkan verəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə