İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Sona Salmanovanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
S.Salmanova 2 may 1956-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olub. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olub və 1973-cü ildə həmin məktəbi bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirib, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçib. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olub.
1983-1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə «Əməkdar hüquqşünas» adı verilib. Ailəlidir, iki övladı var.