“İran hər zaman Ermənistana açıq şəkildə dəstək verir, separatçılar haqqında isə bunu demək olmur”. Bunu Modern.az-a açıqlamasında İran-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, İranın Qarabağ separatçılarına açıq dəstək verməsi bəyan etdiyi prinspilərə zidd ola bilər: “Digər tərəfdən, İranın separatçılarla gizli münasibətləri mövcuddur. Onlarla geniş ticarət əlaqələri var. Hesab edirəm ki, bu məsələ Azərbaycan üçün ciddi problemlərin olması kimi düşünülə bilər. Hər halda, bunu önləmək üçün inamımızı gücləndirməliyik. Çalışmalıyıq ki, İran bu addımlardan əl çəksin. Çünki separatçılara dəstək gizlidir. Hətta ticarət əlaqələri o dərəcədə güclüdür ki, ciddi işlər də görürlər. Separatçılar qeyri-rəsmi olaraq İranla bütün münasibətləri qurublar və dəstək alıblar. Rəsmi olaraq isə bu açıqlanmır”.
Qarabağ separatçılarının “Milli Dirçəliş” partiyası İranla əlaqələrin zəif olmasından narahatlıqlarını bildiriblər. Separatçıların partiyası hətta Qarabağdakı rejimi Tehranda nümayəndəlik açmağa, İran rəhbərliyi ilə birbaşa siyasi, iqtisadi və mədəni əlaqələr qurmağa çağırır.
Namidə BİNGÖL