Ermənilər irimiqyaslı beynəlxalq tədbirlər keçirmək iqtidarında olduqlarını nümayiş etdirmək fikrinə düşüblər. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, son illər hər hansı siyasi, iqtisadi və mədəni mövzularda tədbirlərin keçirilməsinə gücü çatmayan, iqtisadi-sosial bataqlıqda boğulan Ermənistan özünə layiq bildiyi bir konfransa ev sahibliyi edəcək. İrəvanda Qafqazda avara itlərin problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. “Ermənistan-xəbərlər” agentliyinin məlumatına görə, konfransın təşkilat komitəsi belə bir tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini bildirib. Tədbirdə beynəlxalq təşkilatlar (onların adları sadalanmır), hakimiyyət və elmi dairələrin təmsilçiləri, eləcə də maraqlı vətəndaşlar bu problem üzrə öz təcrübələrini nümayiş etdirə biləcəklər. Konfransda iştirak edənlər sahibsiz itlərin sayının azaldılması tədbirlərindən danışacaqlar.
Qeyd olunur ki, bu gün Cənubi Qafqaz şəhərlərində sahibsiz itlər problemini həll etmək üçün onları öldürürlər, lakin bu, həm qeyri-insani, həm də qeyri-effektiv tədbirdir.
İrəvan merliyi paytaxtda sahibsiz itlər probleminin həllinə ekspertlərin cəlb olunmasında maraqlı olduğunu bildirib. Xəbərdə İrəvanda nə qədər sahibsiz, avara itlərin olmasına dair rəqəmlər açıqlanmır. Məlumata görə, tədbirdə Gürcüstan, İran, Ukrayna, Türkiyədən heyvanların hüquqlarını müdafiə təşkilatlarının təmsilçiləri iştirak edəcək. Ermənistan isə tədbirdə daha geniş tərkibdə - 100 nümayəndə ilə təmsil olunacaq.