Bu gün Bakıda Azərbaycan və Avropa Birliyi arasında assosiativ müqavilə üzrə danışıqlara rəsmən start verilib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıb. “Bu saziş bizim Avropa Birliyi ilə, ümumən avrointeqrasiya proqramı çərçivəsində münasibətlərimizdə vacib addımdır”,-deyə nazir müavini bildirib.
O, Azərbaycan və AB arasında əməkdaşlığın hüquqi bazasının genişləndirilməsinin vacibliyindən danışaraq qeyd edib ki, bunun əsası 1996-cı ildə imzalanmış əməkdaşlıq və tərəfdaşlıq barədə müqvilə ilə qoyulub. Onun sözlərinə görə, AB-nin komissarı Stefan Füle aprel ayında Bakıya gerçəkləşdirdiyi səfəri çərçivəsində Azərbaycan iqtisadiyyatının bütün sahələrinin modernizasiyası, istehsal sahələrinin inkişafı, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər məsələlər üzrə proqramlar yaradılmasını təklif edib. Rəsmi Bakı bu təklifi dəstəkləyib. Nazir müavini qeyd edib ki, bu sənəd artıq hazırdır və tezliklə AB-yə təqdim olunacaq. Onun sözlərinə görə, bu proqram və assosiativ müqavilə Azərbaycan və Avropa Birliyı arasında əməkdaşlığın davam etdirilməsi üçün hüquqi baza yaradır.
O əmin olduğunu bildirib ki, assosiativ müqavilə sənədində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunması vacibliyi də öz əksini tapacaq və bu, Azərbaycanın avrointeqrasiya prosesində daha yaxşı iştirakına yardım edəcək.
Danışıqlarda iştirak edən AB nümayəndə heyətinin rəhbəri İon Kayer Azərbaycan və AB arasında assosiativ saziş üzrə danışıqların başlanmasını rəsmi Bakının avrointeqrasiya prosesinə sadiq qaldığını deyib. “Avropa üçün şərq qonşularında sabitliyin təmin olunması və inkişafı strateji maraq kəsb edir”,-deyə AB rəsmisi bildirib.
Onun sözlərinə görə, müzakirə olunan proqram ölkədə iqtisadi inkişafa kömək edəcək, bazar islahatlarının möhkəmlənməsinə, demokratiyanın, insan haqlarının inkişafına kömək edəcək, Azərbaycan mallarının rəqabətqabiliyyətliliyini artıracaq və Azərbaycan məhsullarının daha geniş şəkildə Avropa bazarlarına çıxışını təmin edəcək. Onun sözlərinə görə, danışıqların gedişi AB üzvləri və Avropa parlamenti tərəfindən diqqətlə izlənilir. AB rəsmisi qeyd edib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü danışıqların uğurlu olmasından asılıdır.