Gürcüstanda azərbaycanlı və ermənistanlı jurnalistlərin iştirakı ilə konfrans davam edir. Toplantıda Dağlıq Qarabağ münaqişəsinin hər iki ölkənin mətbuatında işıqlandırılmasına həsr olunan müzakirələr aparılıb. Modern.az-ın məlumatına görə, tədbirdə bu məsələyə dair hər iki ölkədə medianın 1,5 aylıq monitorinqinin aparıldığı qeyd edilib. Ay yarım ərzində hər iki tərəfdən 12 media orqanı tədqiq edilib. Nəticədə bəlli olub ki, Azərbaycanda 30 faiz, Ermənistanda isə yerli mətbuat ümumi materialların təxminən 20 faizini məhz münaqişəyə həsr edib.
Konfransda bildirilib ki, eyni mövzuda həm Bakı, həm də Yerevanda yerli media ictimaiyyətinin iştirakı ilə dəyirmi masa keçirilib. Ermənistan tərəfdən çıxış edən sosioloq Akop Akopyanın sözlərinə görə, Yerevanda baş tutan dəyirmi masanın iştirakçıları erməni mətbuatının bu məsələni birtərəfli işıqlandırdığını etiraf ediblər. Erməni jurnalistlərinin Azərbaycan mənbələrinə istinad etmədiyi xüsusilə vurğulanıb. Politoloq Rasim Musabəyov isə Azərbaycan-Ermənistan münasibətlərinin mətbuatda işıqlandırılmasına həsr olunan Bakı konfransı haqqında məlumat verib. O, həmçinin hər iki ölkədə aparılan monitorinqin nəticələrinin müqayisəli təhlilinə dair çıxış edib.
Qeyd edək ki, Fridrix Ebert fondunun dəstəyi ilə keçirilən bu araşdırmaların yekununda hər 2 ölkədə bu mövzuda yazan jurnalistlər üçün münaqişələrin işıqlandırılması mövzusunda seminar keçiriləcək. Layihə çərçivəsində monitorinqin nəticələrini əhatə edən kitabın dərci nəzərdə tutulub.
Modern.az