İyulun 17-də Atatürk Mərkəzində millət vəkili Qənirə Paşayevanın "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Milli Məclisin üzvləri, ziyalılar, yazıçı və publisistlər, habelə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən kitabın müəllifi Qənirə Paşayeva deyib ki, adı çəkilən nəşrin çapı "Türk dünyasını tanıyaq və tanıdaq" layihəsi çərçivəsində həyata keçirilib. Türkdilli xalqların bir-birini daha yaxından tanımasının vacibliyindən danışan millət vəkili bu istiqamətdə ciddi işlərin görüldüyünü qeyd edib: "Türk xalqları bir-birini daha yaxından tanımalıdırlar ki, bir-birilərinə sahib çıxsınlar. Bu məqsədlə də biz bu işə başladıq. Mən hələ jurnalist olduğum dövrlərdə Türkiyədə, həmçinin Şimali Kiprdə olduğum zaman gəzdiyim, gördüyüm yerləri bir kitab halında nəşr etdirməyi qarşıma məqsəd qoymuşdum. İlk olaraq Bursa ilə bağlı bir layihə həyata keçirdik. İkinci Şimali Kipr və Kipr türkləri ilə bağlı daha bir layihə gerçəkləşdirdik. Yaxın zamanlarda isə Krım türkləri ilə bağlı daha bir layihəni həyata keçirmək niyyətindəyik. Bütün bu layihələri həyata keçirməkdə məqsədimiz Azərbaycan xalqını türk xalqları ilə daha yaxından tanış etməkdən ibarətdir". Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Zəki Qazioğlu "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının çox əhəmiyyətli olduğunu və bu kitabda zəruri məlumatların yer aldığını vurğulayıb. Onun sözlərinə görə, "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabı ölkələr arasında turizmin inkişafına da dəstək ola bilər.