Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Mirtağı oğlu Qəndilov bu gün günorta saatlarında vəfat edib. Dövlət İdarəçilik Akademiyasından ANS-əə verilən məlumata görə, mərhum bu gün səhər saatlarında işdə olub və nahardan sonra evə gedib. Təqribən saat 14-15 radələrində isə ürək çatışmazlığından dünyasını dəyişib.
Seyfəddin Qəndilov 1953-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1953-1956-cı illərdə aspiranturada təhsilini davam etdirib, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor, sonrakı illərdə “əməkdar təbliğatçı” və “əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə professor S.Qəndilov 1999-cu il fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, 2001-ci il oktyabrın 1-də isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilib.