İyulun 20-də paytaxtda, Dənizkənarı Milli Parkda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Mehriban xanıma, qızları Leyla və Arzuya gül dəstələri təqdim olunub. (AzərTAc)
Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub.
Prezidentə məlumat verilib ki, tikintisinə 2006-cı ildə başlanılmış mərkəzin tamamlanmış sahələrinin bu ilin ilk aylarından icarəçilərə verilməsinə başlanıb. Müasir standartlara uyğun inşa edilmiş mərkəzin binası 4 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir. “Park Bulvar”ın yaradılmasında əsas məqsəd ziyarətçilərin ticarət imkanlarını, əyləncəsini və maariflənməsini yüksək səviyyədə təşkil etmək, paytaxt sakinləri və şəhərimizin qonaqlarına, turistlərə unudulmaz təəssürat bəxş etməkdir.
Birinci və ikinci mərtəbə ilə tanışlıq zamanı bildirilib ki, bu qatlarda Avropanın və dünyanın tanınmış brendlərinin məhsullarının təqdim olunduğu mağazalar, kafelər yerləşir.
Prezident İlham Əliyev və ailə üzvləri üçüncü mərtəbədə uşaqlar üçün “Happy Land” oyun-əyləncə məkanına baxıblar. Burada oyuncaqlar, attraksionlar, karusellər, rəngli işıq effektləri balacalara xoş anlar bağışlayır. Valideynlәr rahat alış-veriş etmələri üçün balacaları uşaq otağında qoya bilərlər. Xüsusi təlim keçmiş personal uşaqların qayğısına qalacaq. Dövlət başçısının nəvələri karusellərdə əyləniblər.
Bu mərtəbədə, həmçinin türk, rus, italyan, Çin, Meksika mətbəxi restoranları, habelə Azərbaycan mətbəxinin nümunələrini təqdim edən “Kabab-park” restoranı yerləşir.
Prezident İlham Əliyev və xanımı yay kafesindən Bakının dəniz mənzərəsini seyr ediblər. Dövlət başçısına və xanımına Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib.
Dördüncü mərtəbədəki “Zeytun” restoranında canlı musiqi sədaları altında milli yeməklərimiz təqdim olunur. Bu mərtəbədə 3D sistemi ilə işləyəcək 6 kinozalın yaradılması prosesi başa çatmaq üzrədir. Bundan başqa, boulinq mərkəzi, fotostudiya, Tusi-Bohm planetariumu fəaliyyət göstərir. Bütün yaş təbəqələri üçün nəzərdə tutulmuş planetarium maarifləndirmə funksiyasını daşıyır. 60 tamaşaçı yeri olan planetariumda kosmosa aid cizgi və sənədli filmlər nümayiş olunacaq.
Dövlət başçısı mərkəzin dəniz mənzərəli VİP restoranlarında yaradılan şəraitlə də tanış oldub.
Məlumat verilib ki, mərkəzdə gözəllik salonu, supermarket, 500 avtomobillik dayanacaq, dərzi, quru təmizləmə və digər xidmətlər təqdim olunur. “Park Bulvar” ticarət və istirahət mərkəzinin istifadəyə verilməsi ümumilkdə 700 yeni iş yerinin açılması deməkdir.
“Park Bulvar”ın maketi ilə tanış olan Prezident İlham Əliyev yaradılan şəraitdən razı qaldığını bildirib.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|