İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub.
Müəssisə ilə tanışlıq zamanı Prezidentə məlumat verilib ki, duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq 2007-ci ildə “Azersun Holdinq” Azərbaycanda ilk duz rafinasiya zavodunun tikilməsi missiyasını üzərinə götürüb. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilib.
Yeddi hektar ərazini əhatə edən istehsal müəssisəsinin gündəlik emal gücü 300 ton nəzərdə tutulur. Zavodun iş mexanizmi tamamilə avtomatlaşdırılmış sistem əsasında qurulub. Burada 130-a yaxın işçi çalışacaq.
Diqqətə çatdırılıb ki, duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilmiş, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülüb.
Zavodun “Azərduz” və “Bizim duz” brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaq.
Prezident İlham Əliyev zavodun məhsullarının nümunələrinə baxıb.
Masazır gölünün mənzərəsini seyr edən dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 10 kvadratkilometr olan göldə duz iki vəziyyətdə - lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı təxminən 1 milyon 735 min tondur.
Konfrans salonunda zavodun maketi və fotoşəkilləri ilə tanışlıqdan sonra dövlət başçısı kollektivi təbrik edib, tapşırıq və tövsiyələrini verib.