Modern.az

Gürcüstan İşğal günü təsis etdi

Gürcüstan İşğal günü təsis etdi

Təhsil

22 İyul 2010, 10:27

Gürcüstan parlamenti fevralın 25-nin İşğal günü və avqustun 23-nün isə totalitar rejim qurbanlarının Anma günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, qərar Gürcüstan hökumətinin təklifi əsasında qəbul olunub.  

Qəbul olunmuş qərarla parlament hökumətə hər il fevralın 25-də 1921-ci il sovet işğalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsini tapşırır. Həmin gün bütün dövlət strukturlarında dövlət bayraqları endiriləcək və bir dəqiqəliq sükut elan olunacaq.

 

Gürcü  parlamenti eyni zamanda Gürcüstanın ATƏT Parlament Assambleyası və Avropa parlamentinin avqustun 23-nün totalitar rejim qurbanlarının Anım günü elan olunması barədə qərarına qoşulması barədə də qərar qəbul edib.  Qərarda qeyd olunur ki, bir sıra digər xalqlar kimi Gürcüstan da totalitar sovet rejimindən zərər çəkib. 

Parlament bu qərarı ilə dövlət və hökumət strukturları qarşısında ictimaiyyətdə totalitar rejimin mahiyyətinin dərindən izah olunması tapşırığı qoyub. 1939-cu il avqustun 23-də cinayətkar totalitar rejimlər – SSRİ və nasist Almaniyası arasında Molotov-Ribentrop paktının imzalanması barədə əhaliyə geniş məlumatlar verilməsi tapşırılıb.

 

Gürcüstan parlamentinin bu qərarı Rusiya Dövlət Dumasında təəccüblə qarşılanmayıb. Dumanın beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Leonid Slutski gürcü parlamentinin qərarından təəccüblənmədiyini deyib.

 

“Gürcüstan parlamentinin bu qərarı prezident Mixail Saakaşvilinin Rusiyanın Cənubi Osetiyaya müdaxiləsi və Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfdən işğalı barədə əvvəlki bəyanatlarından fərqlənmir”,-deyə deputat bildirib.

 

2006-cı ildə Tiflisdə Gürcüstanın sovet rejiminin tərkibində olmasına, repressiya qurbanlarının xatirəsinə və Gürcüstanda antisovet hərəkatının tarixinə  həsr olunmuş sovet işğalı muzeyi açılıb.

2010-cu il iyunun 25-də Qoridə öz vətənində Stalinin heykəli sökülüb, onun yerində Stalin repressiya qurbanlarının və sovet işğalı qurbanlarının xatirəsinə abidə ucaldılması nəzərdə tutulub.

 

Qeyd edək ki, artıq Gürcüstan – Rusiya əlaqələrinin 200 illiyinə həsr olunmuş və məktəblərin yuxarı  sinif şagirdləri üçün nəzərdə tutulmuş dərslik üzərində işlər tamamlanmaq üzrədir. Kitab gələn dərs ilindən tədris olunacaq. “200 il Rusiya işğalı” adlı kitab artıq Moskvada qəzəblə qarşılanmaqdadır.

 

Xatırladaq ki, Moldovada da iyunun 28-i sovet işğal Günü elan olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə