Dünən erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qanlı olayın baş verdiyi barədə məlumat yayıb. “Novosti-Armeniya” agentliyinin verdiyi məlumatda bildirilirdi ki, hərbi hissədə əsgərlər bir-birlərini güllələyiblər.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında hadisənin iyulun 28-də N saylı hərbi hissədə baş verdiyi, fakt üzrə cinayət işi qaldırıldığı, istintaq aparıldığı bildirilmişdi. Erməni mətbuatı hadisənin təfərrüatları barədə yeni məlumat yayıb.
“ARMENIA Today” agentliyinin məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb. İnsidentin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda baş verdiyi qeyd olunur.
Məlumata görə, olay Ermənistan vətəndaşları olan hərbçilər arasında baş verib. Əsgər Karo Ayvazyan 1 leytenant, 1 çavuş və 3 əsgəri güllələdikdən sonra, özünü də öldürüb.
Hadisəyə səbəb kimi əsgərin təhqir olunması, alçaldılması göstərilir. Zabitlər əsgəri postda yatmış vəziyyətdə aşkarlayıblar və təhqir etməyə, alçaltmağa başlayıblar. Nəticədə əsgər avtomat silahla onları güllələyib.