Avqustun 1-də saat 18:30 radələrində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Alıyev İlkin Aydın oğlu Mingəçevir şəhərində kirayənişin yaşadığı mənzildə qeyri-rəsmi nigahda olduğu 1988-ci il təvəllüdlü Smirnova Yelena Aleksandrovnanı qısqanclıq zəminində bıçaqla 8-10 dəfə qarın, boğaz və bədəninin müxtəlif nahiyyələrindən vuraraq qəsdən öldürüb.
Baş Prokurorluğun yaydığı məlumata görə, hadisədən təxminən yarım saat sonra İ.Alıyev şəhər Polis Şöbəsinə könüllü gedərək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təqsirini boynuna alıb.
Şəhər Polis şöbəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə video və foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.