İtaliyada şişman qadınlar arasında gözəllik müsabiqəsi keçirilib. “Gonbulların gözəli” tituluna çəkisi 170 kiloqram olan 33 yaşlı Ancela Skonmilyo layiq görülüb. Müsabiqədə çəkisi 100 kiloqramdan artıq olan 30-dan çox qadın iştirak edib.
Müsabiqənin şərtlərinə görə, don, yaxud çimərlik paltarı geyinmiş müsabiqə iştirakçıları tamaşaçıların qarşısından keçməli, sonra isə qırmızı rəngli böyük tərəzidə öz çəkilərini çəkdirməliydilər. Qadınların çəkiləri müqayisə olunduqdan sonra ən kök xanım müsabiqənin qalibi elan edilib.
2010-cu il müsabiqəsinin qalibi Ancela Skonmilyonun mükafatı böyük tort olub. O, həmin tortu müsabiqə iştirakçıları və tamaşaçılarla (müsabiqəni 2500-dən çox adam izləmişdir) bölüşüb.
Müsabiqə təşkilatçıları bildiriblər ki, “Gonbulların gözəli” müsabiqəsi ölçüləri qəbul olunmuş standartlardan uzaq olan qadınları bir yerə toplamaq, onları və tamaşaçıları başa salmaq idi ki, gözəlliyin çərçivəsi yoxdur. İştirakçılar isə bildirirlər ki, müsabiqəyə bir-biri ilə ünsiyyətdə olmaq, komplekslərdən qurtulmaq üçün qatılırlar.