Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ABŞ Senatının Azərbaycanın işğal edilmiş ərazilərində – Dağlıq Qarabağ bölgəsində formalaşdırılmış aqressiv separatçı rejimə «humanitar yardım» adı altında 10 milyon dollar vəsait ayırmasını pisləyən bəyanat verib. BAXCP hesab edir ki, Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun həmsədrlərindən bir kimi bu günə kimi sərgilədiyi davranışlar, eləcə də beynəlxalq birlik tərəfindən tanınmamış, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nətisində ortaya çıxmış və heç bir hüquqi statusu olmayan qondarma rejimə maliyyə vəsaitləri ayırması bu ölkənin elan etdiyi prinsiplərlə və beynəlxalq hüquq normalarıyla ziddiyyət təşkil edir, aqressiv separatizmi, beynəlxalq terrorizmi stimullaşdırır. BAXCP ABŞ-ın Gürcüstan-Rusiya müharibəsindən sonra daha çox dağıntılara məruz qalmış qondarma Cənubi Osetiya Respublikasına, o cümlədən tanınmamış Abxaziya və Dnestryanı rejimlərinə maliyyə vəsaitləri ayırmamasını Birləşmiş Ştatların ikiüzlü, riyakar siyasətinin göstəricisi kimi dəyərləndirir.
BAXCP hesab edir ki, ABŞ-ın aqressiv separatizmi açıq şəkildə dəstəkləməsi bu ölkənin siyasi rəhbərliyinin erməni diasporundan tam asılılığının əyani təsdiqidir və bu hərəkətlər Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi iştirakını mümkünsüz edir.
Modern.az