Dövlət Gömrük Komitəsi brilyiant qaçaqmalçıları ilə bağlı rəsmi məlumat açıqlayıb. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş əməliyyat məlumatı əsasında Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn Mehrəliyev Rəşad Atamoğlan oğlu gömrük nəzarətindən keçib Heydər Əliyev Beynəlxaq Hava Limanının ərazisindəki avtomobil dayanacağında «Mercedes Benz» markalı 10 NM 240 dövlət nömrə nişanlı avtomobilə minərkən saxlanılıb. Şəxsi yoxlama zamanı onun hər iki ayağının pəncəsinin altına yapışdırılmış iki ədəd şəffaf sellofandə 50 min771 manat dəyərində, ümumi xalis çəkisi 64,416 qram (322,54 karat) olan brilyant qaşlar aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Mehrəliyev Rəşad Atamoğlan oğlu brilyant qaşlar almaq məqsədilə Dubay-Bakı aviareysindən istifadə edərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib, Dubay şəhərindəki ticarət mərkəzlərinin birindən külli miqdarda, 50 min 771 manat dəyərində ümumi xalis çəkisi 64,416 qram (322,54 karat) olan brilyant qaşlar əldə edib, əldə etdiyi brilyant qaşları qaldığı oteldə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sellofan paketlərə yerləşdirib yapışqanla hər iki ayağının pəncə hissəsinin altına yapışdırıb. Daha sonar Dubay-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxaq Hava Limanına gəlib, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ikinci sərnişin şöbəsində qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirib. Hava limanını tərk etdikdən sonra avtomobil dayanacağında «Mercedes Benz» markalı 10 NM 240 dövlət nömrə nişanlı avtomobilə minmək istəyərkən Rəşad Mehrəliyev Gömrük və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və üzərində aparılmış şəxsi yoxlama zamanı hər iki ayağının pəncəsinin altına yapışdırılmış iki ədəd şəffaf sellofanda brilyant qaşlar aşkar edilərək götürülüb.
Rəşad Mehrəliyevin Dubay şəhərində qazanc məqsədilə külli miqdarda, 322,54 karat olan brilyant qaşlar əldə etməsi və Dubay-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxaq Hava Limanına gətirib Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ikinci sərnişin şöbəsində qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli gömrük sərhədindən keçirməsi faktı öz ifadəsi ilə yanaşı, ilkin araşdırma materialları, şahid ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilib.
Mehrəliyev Rəşad Atamoğlan oğlu təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsilə ona ittiham elan edilib.
Modern.az