Avqustun 16-da Bakıda sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olub. (AzərTAc)
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib:
- Hörmətli cənab Prezident, əziz qardaşım!
Hörmətli qonaqlar!
Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə
salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Mən şübhə etmirəm ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çox mühüm rol oynayacaqdır.
Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keçmişi vardır. Əsrlər boyu xalqlarımız bir yerdə, dostluq-qardaşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuşlar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələrimiz bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni sahələrdə - bütün sahələrdə aramızda çox ciddi iş birliyi, əməkdaşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır.
Bu gün biz Sizinlə təkbətək görüşdə və nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə bütün bu məsələləri geniş müzakirə etdik, ikitərəfli münasibətlərimizi bir daha təhlil etdik, gələcək fəaliyyət haqqında fikir mübadiləsi apardıq və bir daha gördük ki, münasibətlərimiz, sözün əsl mənasında, qardaşlıq xarakteri daşıyır. Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir.
Qeyd etdiyim kimi, əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Bu gün biz Sizinlə iqtisadi və siyasi sahədəki əməkdaşlığımızı müzakirə etdik. Bu yaxınlarda Türkiyə-Azərbaycan biznes forumunun keçirilməsi iqtisadi sahədə çox mühüm bir hadisə idi. Biz nəinki qarşılıqlı yatırımların həcmini artırırıq, eyni zamanda, artıq üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu haqqında ciddi fikir mübadiləsi aparırıq və əminəm ki, bu sahədə yaxşı nəticələr ola bilər.
Neft-qaz sahəsindəki əməkdaşlığımızın böyük tarixi vardır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir və gələcəkdə bu fəaliyyət daha da geniş olacaqdır. Bu gün bu mühüm layihələr yeni vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Həm bölgədəki vəziyyətə müsbət təsir göstərir, eyni zamanda, gələcək çoxtərəfli regional əməkdaşlıq üçün də mühüm şərt kimi mövcuddur.
Bu gün biz bərabər həyata keçirdiyimiz dəmir yolu layihəsi üzərində işləyirik. Bu yol da həm Türkiyəni Azərbaycanla, eyni zamanda, Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu yolun tikintisi nəticəsində həm siyasi, həm iqtisadi maraqlarımız tam şəkildə təmin olunacaqdır. Buna bənzər digər layihələr mövcuddur, danışıqlar mövzusudur və əminəm ki, iki xalqın ortaya qoyduğu iradə sayəsində biz bütün məqsədlərimizə çatacağıq.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr türkdilli ölkələr arasındakı əlaqələrə ciddi təsir göstərir. Bu sahədə də fikirlərimiz üst-üstə düşür. Keçən il Naxçıvanda keçirdiyimiz zirvə görüşü və o görüş zamanı əldə edilmiş razılaşmalar artıq reallaşır. Yaxın zamanlarda Türkiyədə keçiriləcək növbəti zirvə görüşü də əminəm ki, çox uğurlu olacaq və beləliklə, türkdilli ölkələrin əməkdaşlığı daha da genişlənəcəkdir. Bütövlükdə türk dünyasının birləşməsi üçün Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri vardır.
Biz bütün başqa sahələrdə qardaş, dost kimi əməkdaşlıq edirik, iş birliyi aparırıq. Bu, bizim strateji xəttimizdir. Dahi liderlərimiz bu yolu bizə göstəriblər. Böyük öndər Mustafa Kamal Atatürkün kəlamı yadıma düşür. O demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Bax, bu kəlamlar bizə yol göstərir və bu yolda biz çiyin-çiyinə irəliləyirik və böyük zirvələri fəth edirik. Mən əminəm və şübhə etmirəm ki, bundan sonrakı dövrdə də həmişə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir.
Müzakirə etdiyimiz məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də var idi. Bu barədə də biz çox geniş danışdıq və fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır, qaçqın-köçkün vəziyyətində yaşayır. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, bütün beynəlxalq hüquq normaları pozulmuşdur. Beynəlxalq təşkilatlar – BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti məsələnin həlli ilə bağlı çoxsaylı qətnamələr, qərarlar qəbul etmişdir və onların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd-şərtsiz tələb edir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi məsələnin həlli üçün imkan yaratmır. Ancaq Azərbaycan bundan sonra da ərazi bütövlüyünün bərpası üçün bütün lazımi tədbirləri görəcək, öz siyasi və diplomatik səylərini artıracaqdır. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Fürsətdən istifadə edərək, Sizə və bütün qardaş türk xalqına Azərbaycana bu məsələ ilə bağlı daim dəstək verdiyinizə görə minnətdarlığımı, təşəkkürümü bir daha bildirmək istəyirəm.
Bir daha əziz qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfəriniz çox uğurlu olacaqdır. Sağ olun.
X X X
Türkiyə Prezidenti Abdullah Gül bəyanatla çıxış edərək deyib:
-Cənab Prezident, hörmətli qardaşım İlham Əliyev!
Hörmətli mətbuat nümayəndələri!
Qardaş Azərbaycana bu səfərimlə əlaqədar mənə, heyətdəki hörmətli nazirlərə, deputatlara və bütün heyət üzvlərinə göstərdiyiniz böyük qonaqpərvərliyə görə təşəkkür edirəm. Özümüzü evimizdə hiss edirik. Azərbaycana nə zaman gəlsək daim bu hissləri yaşamışıq və hər gəlişimizdə Azərbaycanın inkişaf etdiyini, gücləndiyini, daha da irəliyə parladığını görmək bizi xoşbəxt etməkdədir. Sizin də dediyiniz kimi, biz bir millətin ayrı-ayrı iki dövlətiyik. Bu iki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq və qardaşlıq hissləri ilə dolu olması vacibdir. Biz də bu anlayış çərçivəsində daim və tez-tez görüşürük, ətraflı məsləhətləşirik və əməkdaşlıq edirik. Bu həmrəyliyimizi və əməkdaşlığımızı davam etdirəcəyik.
Bugünkü səfərimdə Sizinlə təkbətək və geniş tərkibdə görüşlərdə bütün bu məsələləri müzakirə etdik. İkitərəfli əlaqələrimiz siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etməkdədir. Bunları daha çox inkişaf etdirmək üçün bu gün bir çox tədbirləri də müzakirə etdik. Daha çox qarşılıqlı iş qurmaları, qarşılıqlı sərmayə qoymaları üçün şirkətlərimizi qarşılıqlı olaraq təşviq edirik. Azərbaycan şirkətlərinin Türkiyəyə qoyduqları sərmayələrdən böyük bir məmnuniyyət duyuruq. Türk şirkətlərinin də buradakı uğurları ilə qürur duyuruq.
Siyasi sahədəki əlaqələrimiz də mühüm əhəmiyyət kəsb edir. Bunu eyni qaydada davam etdirəcəyik. Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə bunun ən bariz nümunəsidir. Bu müqaviləyə müvafiq olaraq həmrəyliyimizi gücləndirərək inkişaf etdirəcəyik.
Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün həyata keçirilməli olan tədbirlər barədə bu gün yenə ətraflı müzakirələr apardıq. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırılması - bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müzakirə etdik. Bunu müzakirə edərək, qısa müddət ərzində bu problemin həllinin zəruri olduğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının çox çətin şəraitdə yaşadığını bilirik. Əslində bütün dünya bu həqiqəti görməlidir. Uzun illərdir, 18 ildir ki, dünyada bu problemə kifayət qədər diqqət yetirilmədi. Ümid edirik ki, artıq bunun da zamanı gəlib çatmışdır və bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir.
Bu istiqamətdə fəaliyyətimizə və müzakirələrimizə davam edəcəyik. Çünki bu məsələni dondurulmuş şəkildə saxlamaq doğru deyildir. Dondurulmuş münaqişələr gözlənilmədən çox böyük problemə çevrilə bilər. BMT-nin müraciəti var, bir az əvvəl Sizin dediyiniz kimi, İslam Konfransı Təşkilatının, digər beynəlxalq təşkilatların hər zaman müraciətləri olmuşdur. Bütün bu müraciətləri nəzərə alaraq, dost ölkələr, region ölkələri, bu regionla tarixi əlaqələri olan bütün qonşu ölkələr problemin həlli istiqamətində son dərəcə fəal olmalı və kömək etməlidirlər. Ümid edirəm ki, əvvəlki illərdə bu istiqamətdəki görülən işlər yenə intensiv qaydada davam edəcəkdir.
Türkiyə bu istiqamətdə fəaliyyətinə davam edəcək, şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi aparacaqdır. Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz davam edəcəkdir. Mən bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də buradan bəyan etmək istəyirəm. Türk xalqının bütün azərbaycanlı qardaşlarına olan sevgi və məhəbbət duyğularını burada bir daha bütün azərbaycanlı qardaşlarıma mətbuat nümayəndələri vasitəsilə bəyan etmək istəyirəm.
Bizə göstərilən qonaqpərvərlik və yaxın qardaşlıq münasibəti üçün bir daha təşəkkür edirəm.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.