Modern.az

Türkiyə prezidenti Zaqatala, Qax və Şəkidə olub

Türkiyə prezidenti Zaqatala, Qax və Şəkidə olub

17 Avqust 2010, 19:21

Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül səfər çərçivəsində avqustun 17-də respublikamızın şimal-qərb bölgəsində olub. (AzərTAc)
Türkiyə dövlətinin başçısının Azərbaycanın bu bölgəsinə səfəri Zaqataladan başlayıb.
Abdulla Gül Zaqataladan Şəkiyə gedərkən yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət edib, onların üzərinə gül dəstəsi qoyub.
Sonra qəbiristanlığı gəzən ali qonağa məlumat verilib ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir. XIII-XIV əsrlərdə yaşayan Yunus Əmrənin yaradıcılığı türk şeirinin inkişafına çox böyük təsir göstərib. Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı var. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax rayonu ərazisində, Oncallı kəndindəki oğuz qəbiristanlığıdır. Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanı gəzmiş, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu ehtimal edilir. Onların məzarları sonradan müridləri tərəfindən abadlaşdırılıb. Yerdən bir metr hündürlüyündə çay daşından tikilmiş, hörgü ilə əhatələnmiş hər iki məzar müqəddəs sayılır və ziyarət edilir.
 
Türkiyə Prezidenti Abdullah Gül və onu müşayiət edən şəxslər daha sonar Şəki şəhərinə gediblər. Abdulla Gül Şəkidə mədrəsəni, məscidi, Xan sarayını ziyarət edib. Türk Şəhidliyində olan prezident Azərbaycan və Türkiyənin böyük bir millətin iki dövləti olduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə