Avropa Liqasının pley-off mərhələsinin “Borussiya” – “Qarabağ” oyunu öncəsi hər iki klubun baş məşqçisi bu gün mətbuat konfransı keçiriblər.
Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, “Siqnal İduna Park” stadionunda təşkil olunan konfransda komandamızın baş məşqçisi Qurban Qurbanov yerli vaxtla 13:00-da media nümayəndələrinin suallarına cavab verib.
“Qarabağ”ın çalışdırıcısı KİV nümayəndələrini salamladıqdan sonra oyun haqda öz fikirlərini bölüşüb. “Borussiya”nın tarixini yaxşı tanıdıqlarını, onun uğurlarından xəbərdar olduğunu bildirən gənc çalışdırıcı dortmundluların çox güclü azarkeş dəstəyinə malik, gənc və mobil komanda olduğunu vurğulayıb. Qurbanov rəqib həmkarı Kloppun yetirmələrinin hücum etməyi çox sevdiyini, çoxsaylı azarkeş ordusunun “Borussiya”ya böyük güc verdiyini bildirib.
Qurbanov görüşün maraqlı keçəcəyinə inandığını bildirib. “Borussiya”nın sürətli futboluna uyğun olaraq “Qarabağ”ın sona qədər vuruşacağını və təslim olmayacağını söyləyib. Çalışdırıcı azarkeşlərin yaradacağı xofla bağlı suala cavabında bildirib ki, hər nə qədər dortmundluların çılğın azarkeşlərini qiymətləndirsələr də heç də onlardan çəkinmirlər. “Qarabağ”da çoxlu milli futbolçuların olduğunu vurğulayaraq, dolu meydanda oynamağın onlar üçün zövqlu olacağını ifadə edib.
«Borussiya» klubunun baş məşqçisi Yurgen Klopp da bu gün mətbuat konfransı keçirib. O, rəqib barəsində yetərincə məlumat topladıqlarını deyib. «Biz «Qarabağ» haqda həftə sonu qarşılaşacağımız «Bayer»dən daha çox məlumatlıyıq. «Qarabağ»ın əsas silahı futbolçuların taktiki ustalığındadır. Onlar yaxşı futbol sərgiləməyə bacarırlar. Biz öz azarkeşlərimiz qarşısında oynayacağıq. Buna görə də uduzmağa haqqımız yoxdur».