Modern.az

Nazirlikdə kollegiya iclası keçirilib

Nazirlikdə kollegiya iclası keçirilib

26 Avqust 2010, 12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. Kollegiya iclasında 2010-cu ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Modern.az xəbər verir ki, kollegiyada çıxış edən nazir Hüseynqulu Bağırov ətraf mühit və ekoloji tarazılığın qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin dövlət başçısı tərəfindən “Ekologiya ili” elan edilməsi barədə danışıb.

Daha sonra nazir prezidentinin 21 may 2010-cu il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” sərəncamına müvafiq olaraq ətraf mühitin qorunmasındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş bir sıra əməkdaşa medallar təqdim edib.

Kollegiya iclasında bildirilib ki, nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin ötən 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1204 akt və 397 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 497 icrası məcburi olan göstərişlər verilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 65 işdən 17-nə, məhkəmələrə göndərilmiş 109 işdən 21-nə, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmiş 249 işdən 30-na baxılaraq müvafiq tədbir görülüb.

Meşələrin artırılması sahəsində cari ilin 6 ayı ərzində 1371 hektar sahədə meşə əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi məqsədilə 14459 hektar sahədə xidmət, 11970 hektar sahədə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 10099 kiloqram toxum tədarük edildiyi qeyd olunub.
 
Tədbirdə ölkə ərazisində ilk dəfə olaraq ceyranların tarixi ərazilərinə reintroduksiya edilməsi məqsədilə layihə ilə əlaqədar təşkilati işlərin başa çatdırıldığı və ilin sonuna qədər ceyranların bir hissəsinin reintroduksiya ərazilərinə köçürülməsinin planlaşdırıldığı kollegiya iştirakçılarının nəzərinə çatdırılıb.
İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlərdən danışılıb, həmçinin nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə