Rusiya prezidenti Dimitri Medvedevin Azərbaycana rəsmi səfəri bir sıra bəyanatlar və sazişlərin imzalanması ilə yadda qalıb. Modern.az yerli və xarici informasiya mənbələrinə istinadən Rusiya prezidentinin Bakıda verdiyi bəyanatları oxucuların nəzərinə çatdırır.
“Gümrüdəki hərbi baza Azərbaycan üçün heç bir təhlükə daşımır”
Medvedev ilk olaraq Azərbaycanın ictimai-siyasi fikrini narahat edən Ermənistandakı hərbi bazalar məsələsinə aydınlıq gətirib. “Rusiyanın Gümrüdəki hərbi bazası və bu bazanın dislokasiya müddətinin uzadılması Azərbaycan üçün heç bir təhlükə daşımır”-deyə Medvedev bəyan edib. Qafqazda stabilliyin qorunmasının Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən Rusiya prezidenti bəyan edib ki, Moskva burada sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdır. “Mənim Ermənistana səfərinin nəticələrini də belə dəyərləndirmək lazımdır. Burada heç bir gizli və ya digər niyyət yoxdur”-deyə o, bildirib.
Rusiya Qarabağa aid öhdəlikləri yerinə yetirməyə hazırdır
Digər vacib müzakirələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Rusiya prezidenti mətbuat konfransında Medvedev Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair qarşılıqlı təmasların intensivliyini aşağı salmamağa çağırıb. Medvedev son dövrlər özünün iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayaraq bildirib ki, bu təmasların intensivliyi aşağı düşməməlidir. “Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram”,-deyə o vurğulayıb. Prezident İlham Əliyev bunun müqabilində vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edərək Rusiya prezidentinin iştirakının pozitiv rol oynadığına əmin olduğunu deyib və bildirib ki, onun iştirakı ilə keçirilən danışıqlar daha effektli olur.
Medvedev iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmağı təklif edir
Daha sonra Rusiya və Azərbaycan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlar
zamanı Medvedev iki ölkə arasında iqtisadi münasibətlərinin vəziyyətinə toxunub. Medvedev qeyd edib ki, “Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirməli və bu münasibətləri yeni səviyyəyə necə çıxarmaq barədə düşünməlidir”. Rusiya prezidenti ötən il iki ölkə arasında ticarət dövriyyəsinin aşağı düşdüyünü vurğulayıb və bildirib ki, bu il isə müsbət tendensiya var və bu tendensiyanı necə möhkəmləndirmək barədə düşünmək, yeni layihələr, yeni ideyalar tapmaq lazımdır. Rusiya prezidenti qeyd edib ki, təkbətək görüş zamanı iki dövlətin başçısı bəzi ideyalar və layihələr barədə danışıblar və bu layihələri nümayəndə heyətlərinin iştirakı ilə müzakirə etməyi təklif ediblər. Medvedev azərbaycanlı həmkarı ilə təkbətək görüşdə geniş spektrdə məsələləri, iqtisadi münasibətlər və regional təhlükəsizliyin təminatı məsələlərinə toxunduqlarını deyib. Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində Rusiya prezidentinin səfəri çərçivəsində çox gözəl nəticələrin əldə olunduğuna, imzalanacaq sənədlərin isə ikitərəfli münasibətlər üçün sağlam baza yaradacağına əmin olduğunu bildirib: “Bu münasibətlər təkcə bizim ölkələr üçün deyil, regionlar üçün də çox vacibdir. Moskva ilə münasibətlərin daim inkişafı Bakı üçün çox mühüm və dəyərlidir. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.
“Qaz sazişi” imzalandı
İmzalanan sazişlər arasında iki ölkə prezidentləri dövlət sərhədi haqqında müqavilə mühüm sayılır. Sənədə müqaviləni tamamlayan, dövlət sərhədinin təsvir olunduğu əlavə də imzalanıb. Rusiya və Azərbaycan Samur transsərhəd çayının rasional istifadəsi və mühafizəsi haqqında saziş də imzalayıblar.
Hər iki prezidentin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan sazişə əsasən, 2010-2011-ci illərdə “Qazprom”a satılan təbii qazın həcmi artırılacaq. Medvedevə qaçaqmal bağışlandı
Rusiya prezidenti üçün xoş sürpriz də maraqla qarşılanıb. Belə ki, Azərbaycan prezidenti Rusiya ilə sərhəddə qaçaqmalçılardan müsadirə edilmiş 5 pravoslav ikonasını rusiyalı həmkarına təqdim edib.
İ.Əliyev Medvedevə deyib ki, qaçaqmalçılar bu ikonaları qeyri-qanuni olaraq Rusiyadan çıxarmağa çalışiblar: “Bizim gömrükçülərimiz bu ikonaları aşkarlayıb. Qaçaqmalçılar məsuliyyətə cəlb olunub. Biz bu ikonaları ona görə sizə təqdim edirik ki, bunlar sizin ölkənizdə saxlanılmalıdır”. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ikonaların XIX əsrin əvvəllərinə aid olduğunu bildirib.
Daha sonra Bakı Dövlət Unversitetinə gələn Medvedevə bu ali məktəbin fəxri doktoru adı verilib. Rektor Abel Məhərrəmov bildirib ki, D.Medvedev Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi və təhsil əlaqələrinin inkişafındakı xidmətlərinə görə BDU Elmi Şurası tərəfindən bu ada layiq görülüb. Modern.az