Gürcüstan prezidenti Mixail Saakaşvili kurort şəhəri Anakliyada ölkənin parlament çoxluğu ilə açıq havada müşavirə keçirib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Saakaşvili 3-cü müddətə prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib. Saakaşvili qeyd edib ki, 3-cü müddətə prezidentliyə namizədliyini irəli sürmək məqsədilə ölkədə referendum keçirmək niyyətində deyil.
O bildirib ki, 2013-cü ildə onun 2-ci prezidentlik müddəti başa çatır. Saakaşviliyə görə Gürcüstana əvvəlki kimi güclü prezidenlik institutu lazımdır.
“Gürcüstan ciddi çağırışlar qarşısında olan ölkədir və ona güclü prezident lazımdır”.
Onun sözlərinə görə, güclü prezident olmadan ölkəni böhranlı vəziyyətlərdə idarə etmək çox çətindir.
“Bu nöqteyi –nəzərdən mən prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması barədə avropalıların tövsiyələri ilə razılaşan deyiləm”,-deyə Saakaşvili bildirib.
O qeyd edib ki, yeni Konstusiyaya əsasən, prezident stabil olaraq 5 il müddətinə seçiləcək, hökumət isə tez-tez dəyişə bilər, güclü parlament isə hökumətin fəaliyyətinə nəzarət edəcək.
“Əgər biz uzun müddətə hakimiyyətdə qalmaq istəyiriksə, biz maksimum formada olmalı və xalqla birlikdə ölkəni idarə etməliyik”.
Saakaşvli nazirləri israfçılıqdan çəkinməyə çağırıb. O, nazirlərə, dövlət rəsmilərinə xarici ölkə səfərlərini “biznes-klass” təyyarələrlə həyata keçirmələrini qadağan edib. “Dövlət aparatında əməkhaqqları artmalıdır. Nazirlərin səfərlərini "biznes-klass"la həyata keçirmələri o qədər də mühüm deyil. Uçuşlar adi insanlarla birgə "ekonom-klass"la həyata keçirilsin”,- deyə Saakaşvili bildirib. Prezident bəyan edib ki, 2011-ci ildən nazirlər “kəmərlərini sıxmalı” olacaqlar. “2011-ci ilin büdcəsi “kəmərlərin sıxılmasını” nəzərdə tutur. Bu, dünya maliyyə böhranı ilə əlaqədar deyil. Gələn ilin büdcəsi ölkənin inkişafına xidmət etməlidir”,- deyə Saakaşvili əlavə edib. Prezident dövlət balansında olan bahalı avtomobillərdən də danışıb.
“Heç bir idarə, o cümlədən parlament və ya ali məhkəməyə məxsus dövlət maşınlarının qiyməti 15 min avronu keçməməlidir. İstisna hallar ancaq xüsusi əməliyyat və nümayəndəlik məqsədi ilə həyata keçirilə bilər”,- deyə prezident qeyd edib.
Saakaşvili keçmiş silahdaşları olan, sabiq müdafiə naziri İrakli Okuraşvili və sabiq spiker Nino Burcandzedən də danışıb. “Mənim ən yaxın dostum İrakli Okuraşvili olub, lakin elə ki, onun gözlərində dollar nişanları əks olunmağa başladı, biz ondan ayrılmalı olduq”, - deyə Saakaşvili bildirib. Sabiq spikerə gəlincə, Saakaşvili qeyd edib ki, Nino Burcanadze komanda oyunu oynamaq istəmədiyindən yolları ayrılıb.
Modern.az