Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, rəsmi Moskva Xəzərin hüquqi statusunun müəyyən edən konvensiya ətrafında fəal şəkildə işləyir. Modern.az “qlobal.ru” saytına istinadən xəbər verir ki, nazir bu istiqamətdə Azərbaycan və Qazaxstanla fəal şəkildə əməkdaşlıq etdiklərini bildirib. Lavrovun sözlərinə görə, artıq Azərbaycan və Qazaxstanla dənizin dibinin bölünməsi ilə bağlı razılıq əldə edilib. Amma Xəzər dənizinin su səthi və hava məkanı ilə bağlı məsələlər hələ həllini tapmayıb. “Məhz bu adıçəkilən məsələlər Xəzərin hüquqi statusunu müəyyən edəcək konvensiyanın əsas predmeti olmalıdır. Bunun üçün biz fəal şəkildə işləyirik”-deyə nazir vurğulayıb.
Bu məsələdə “hüquqi vakum” yoxdur”-deyən Lavrov qəribə də olsa SSRİ-İran arasında bağlanmış müqavilələrin hələ də qüvvədə olduğunu bildirib.
“Beynəlxalq hüququn şərtinə görə, Konvensiya hələ olmadığı üçün hazırda Xəzər dənizinin hüquqi statusu 1921-cü il və 1940-cı illərdə bağlanmış sovet-İran müqavilələri ilə tənzimlənir. Bu müqavilələr indi də qüvvədədir”- deyən nazir vurğulayıb ki, ancaq Xəzər ətrafında son 20 il ərzində üç yeni dövlət yaranıb. Bu isə Konvensiyanın müəyyənləşməsini zəruri edib. “Bütün Xəzərətrafı ölkələrin maraqlarını qoruyan bir razılaşma əldə edilməlidir”-deyə o qeyd edib.
Nazir eyni zamanda eyhamla deyib ki, bəzi sahil ölkələri dənizdə milli zonaların sərhədlərini elə çəkməyi təklif edirlər ki, bu zaman azad suların saxlanması üçün heç bir imkan qalmır.
“Rusiya milli ərazi bölgüsünü ehtiva edən güzəştlərə hazırdır. Amma bu elə edilməldir ki, bütün balıqların bir ölkə tərəfindən ovlanması anlamına gəlməsin”-deyə nazir yarıciddi, yarıistehza ilə bildirib.
Xəzərin təhlükəsizliyi ilə bağlı məsələlərə toxunan nazir vurğulayıb ki, “ən yaxın zamanda bu hazırlıq başa çatacaq”. Lavrov bununla bağlı sənədlərin Azərbaycanda keçiriləcək sanmmitdə imzalanacağını bildirib.
Lavrov Rusiyanın daha yeni bir təşəbbüsü barədə danışaraq deyib ki, bu rusların Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ilə bağlı təklifidir.