Modern.az

Azərbaycan yay vaxtına keçib

Azərbaycan yay vaxtına keçib

29 Mart 2015, 09:58


Martın 28-dən 29-na keçən gecə Azərbaycan Respublikasının ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkilib.

Bu proses gecə saat 4.00-da gerçəkləşdirilib. Yay vaxtına keçid Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq gerçəkləşdirilir.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Yay vaxtına keçməkdə məqsəd Günəş işığından daha çox faydalanmaqdır. Qeyd edək ki, yay və qış vaxtına keçidin tətbiqi XVIII əsrdən başlayıb. Bu fikri ortaya atan ilk adam 1784-cü ildə amerikalı siyasətçi və fizik Benjamin Franklin olub.

XX əsrin əvvəlində ingilis vəkil Uilyam Uillet bir yaz səhəri atıyla bir qəsəbədən digərinə getdiyində qəsəbə işıqlarının yandığını, amma dükanların bağlı olduğunu görüncə, bu elektrik itkisini bir qəzetdə dilə gətirib. Bu xəbərdən sonra İngiltərə Parlamenti hər il aprel ayının bazar günləri saatları 20 dəqiqə irəli, sentyabr ayının bazar günləri də geri almağı qərarlaşdırıb. Bu qərar 1910-cu ildə "işıq qənaəti bölgələri" adıyla qanuniləşib. 1916-cı ildə 20 dəqiqəlik müddət yenidən təşkil edilib və aprel-sentyabr aylarında, saatların 60 dəqiqə irəli və geri alınması tətbiqinə keçilib.

Avropada yay saatına keçən ilk ölkə Almaniya olub. Fransa bu tətbiqi cəbhədəki əsgərlərin daha yaxşı yatıb, dincəlməsi üçün 1916-cı ildə qəbul edib.
Bu gün bir çox ölkədə yay və qış saatı tətbiq olunur. İngiltərədə Petts Uood qəsəbəsində, vəkil Uilliam Uilletin bir heykəli var. Altında da bu cümlə yazılıb: "Yay saatının yorulmaz döyüşçüsü".

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə