Modern.az

“Dollarla götürülən kreditlərin faizləri aşağı salınmalıdır” - Ekspert

“Dollarla götürülən kreditlərin faizləri aşağı salınmalıdır” - Ekspert

30 Mart 2015, 12:06


“Mərkəzi Bank sədrinin dollar ilə götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir. Səbəb sadədir: bankların əksəriyyətinin təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borclulalrın dərdinə çarə deyil”. Modern.az xəbər verir ki, bu çıxışı iqtisadçı, alim Vüqar Bayramov bildirib.

O qeyd edib ki, təbii olaraq dollar ilə götürülən kreditlər ilə bağlı istənilən addım hər iki tərəfin - bankların və müştərilərin maraqlarına uyğun olmalıdır:

“Çox sadə misal: manatın məzənnəsi yüksək olanda 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Təbii ki, bankların da əsas gəlir mənbələrindən biri xaricdən və ya beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödənilib. Deməli, məzənnədən asılı olmayaraq banklarda öz borclarını xarici valyuta ilə geri qaytarmalıdırlar”.

İqtisadçının fikrincə, indiki məqamda daha uyğun yol dollar ilə götürülən kreditlər üçün faizlərin aşağı salınmasıdır: “Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək.

Mərkəzi Bank sədrinin xeyli ümumi olan müraciəti isə bankların faiz dərəcələrinin, demək olar, aşağı salınmasına gətirib çıxarmır.

Buna görə də əslində Mərkəzi Bankın dollar ilə götürlən kreditlərə faiz güzəştlərinin tətbiq edilməsi üçün bunların həyata keçirilməsinə ehtiyac var:

Əvvəla, Mərkəzi Bank belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyə məktubu göndərməsinə ehtiyac var. Mərkəzi Bankın İdarə Heyətinin göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyə olunduğu bildirilməlidir;

İkincisi, tövsiyə məktubunda kreditlər üzrə tövsiyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni, əgər istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16.7 faizədək aşağı salına bilər. Bu zaman sözügüdən kredit üzrə 9.3 faiz güzəşt tətbiq edilmiş olur. Bu isə həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər.

Bütövlükdə, Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin tövsiyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeyli yumşalmasına səbəb ola bilər. Bununla dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlanması mümkün olar”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə